Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Belarus xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilərək, yüksək səviyyəli görüşlərin və siyasi dialoqun davam etdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından önəmli olduğu vurğulanıb.
Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında iki ölkənin liderləri arasında dialoqun mühüm rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə Belarus Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə etdiyi tarixi səfər məmnunluqla xatırlanıb.
Bu kimi təmasların mövcud dostluq və əməkdaşlıq münasibətlərinin perspektivlərinin müzakirəsində əhəmiyyətli rol oynadığı qeyd olunub.
İqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri, o cümlədən ticarət və investisiyalar üzrə əməkdaşlıq üçün perspektivlərin mövcudluğu, habelə bu imkanlardan istifadənin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.