Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri - Ceyhun Bayramov, Hakan Fidan və İlya Darçiaşvilinin imzaladığı Bakı bəyannaməsinin mətni açıqlanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər üç ölkə arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayıb, qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayıb, regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alıblar.
Onlar həmçinin yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə varıb, regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edib, regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edib münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı, eyni zamanda sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə ediblər.
Tərəflər dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarlayıb, dövlət sərhədləri daxilində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışlayıb və Azərbaycan hökumətinin postmünaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqləyib, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər.
Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyəti bir daha qeyd olub, hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulanıb.
Nazirlər Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd edib, terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yeniləyib, Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini, Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu, BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğulayıblar.
Eyni zamanda tərəflər hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil olmaqla enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara alıb, enerji sahəsində strateji tərəfdaşlığı vurğulayıb və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq edib, bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəkləyib, təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq edib, səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq ediblər.
Nazirlər qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirib, dövlətlərin mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla fəal əməkdaşlığını yüksək qiymətləndirib, üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan ediblər.
Bundan başqa, Azərbaycanın bu il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsi alqışlanıb,
Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə ediblər, üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar və onuncu üçtərəfli görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar veriblər.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.