Bu il Azərbaycan-Türkiyə münasibətləri yeni müstəvidə inkişaf etməyə başlayıb.
“Report”un apardığı araşdırma nəticəsində məlum olub ki, 2021-ci ilin əvvəlindən iki ölkə arasında diplomatik təmasların, qarşılıqlı səfərlərin və imzalanan sənədlərin sayı xeyli artıb.
Bunun başlıca səbəblərindən biri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bölgədə geosiyasi vəziyyəti dəyişdirməsidir. Suriya, Liviya və digər bölgələrdə milli maraqlarının qorunması və terrorçuluqla mübarizə istiqamətində fəaliyyətini gücləndirən Türkiyə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycana siyasi, hərbi, mənəvi baxımdan arxa olaraq, erməni işğalına son qoyulmasına dəstək verib və Cənubi Qafqazda da əmin-amanlığın yaradılmasında aparıcı qüvvəyə çevrilib. Bununla birgə, müharibəsonrası kommunikasiya xətlərinin açılması, yeni iqtisadi layihələrin təşəbbüskarlarından biri kimi çıxış edən Azərbaycan və Türkiyə bununla regionda sülhün bərqərar olmasında vacib rol oynayır. Bu ilin ötən dövrü ərzində həyata keçirilən qarşılıqlı səfərlər, diplomatik təmaslar və imzalanan sənədlər Bakı və Ankara arasında münasibətlərin yeni müstəviyə keçdiyini təsdiqləyir və bu bütün sahələri əhatə edir: siyasət, hərbi, iqtisadi-ticari, mədəniyyət, elm-təhsil və s.
“Report” bu il Azərbaycanla Türkiyə arasındakı görüş, telefon danışığı və imzalanan sənədlərin xronologiyasını təqdim edir:
1 yanvar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər. Telefon danışığında yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.
Elə həmin gün R.T.Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.
13 Yanvar
Pakistanın paytaxtı İslamabadda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər üçtərəfli görüşün hər il keçirilməsinə dair razılığa gəliblər.
16 yanvar
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Azərbaycan lideri türkiyəli həmkarını işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib.
19 yanvar
Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
24 yanvar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. M.Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar başsağlığı verib.
26 yanvar
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub. Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
27 yanvar
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb. C.Bayramov dəniz quldurlarının hücumuna məruz qalan gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.
30 yanvar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanan Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib.
1 fevral
Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqləyib.
Elə həmin gün parlament "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanan Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanunu qəbul edib.
2 fevral
Prezident İlham Əliyev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mövlud Qaraqayanı qəbul edib. M.Qaraqaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.
11 fevral
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında Mədəniyyət mərkəzlərinin qurulması, fəaliyyəti üzrə sazişi təsdiqləyib.
Elə həmin gün 2018-ci il aprelin 25-də Ankarada "Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında imzalanan Mədəniyyət Mərkəzlərinin Qurulması, İşi və Fəaliyyətlərinə dair Saziş"in təsdiqlənməsi uyğun görülüb. Saziş imzalandığı gündən qüvvəyə minib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Qış-2021” təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə səfər edib. Orada o, türkiyəli həmkarı Hulusi Akarla görüşüb.
14 fevral
Prezident İlham Əliyev terrorçuların qətlə yetirdiyi 14 Türkiyə vətəndaşı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
15 fevral
Azərbaycanın baş prokuroru Kamran Əliyev Türkiyəyə səfərə gedib. O, bu ölkənin Ali Məhkəməsinin baş prokuroru Bekir Şahinlə görüşüb.
17 fevral
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycanın baş prokuror Kamran Əliyevi qəbul edib.
18 fevral
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyədə səfərə gedib. Səfər çərçivəsində o, ölkənin vitse-prezidenti Fuat Oktay, Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə yanaşı dövlət başçısı R.T.Ərdoğanla da görüşüb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb. Bununla da Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səfər rejimi qüvvəyə minib.
Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan iş adamlarının forumu keçirilib. Forum çərçivəsində tərəflər 11 sənəd imzalayıblar.
19 fevral
Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib və 138 maddədən ibarət protokol imzalanıb.
İclasın sonunda iqtisadi əməkdaşlığa dair aşağıdakı sənədlər imzalanıb:
- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;
- Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
- Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;
- Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu
20 fevral
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş”i təsdiqləyib. Qanun imzalandığı gündən qüvvəyə minib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib. Qanun imzalandığı gündən qüvvəyə minib.
22 fevral
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfərə gedib. O, milli təhsil naziri Ziya Səlcuqla görüşüb.
E.Əmrullayev və Z.Selçuk “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u imzalayıb. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.
23 fevral
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunub.
Elə həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XİN başçısı Ceyhun Bayramovu qəbul edib.
25 fevral
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti türkiyəli həmkarını doğum günü münasibətilə təbrik edib.
26 fevral
Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Prezidentinə və Azərbaycan xalqına başsağlığı verib.
1 mart
Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərə gedib. Səfər çərçivəsində Anar Kərimov başda türkiyəli həmkarı Nuri Ərsoy və xarici işlər naziri Mövlud Çavuşoğlu olmaqla bir sıra rəsmi şəxslərlə görüşüb. Mədəniyyət nazirləri arasında keçirilən görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.
Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib. Həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliği və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Türk İşbirliği və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar imzalayıb.
2 mart
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
4 mart
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib.
5 mart
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
9 mart
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qeyd edək ki, fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının doqquzuncu üçtərəfli görüşü təxirə salınıb. Buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefa verməsidir.