Azərbaycan inşaatçıları Ukraynanın bərpasında iştirak edəcək.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfəri zamanı bildirilib.
Belə ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Cahangir Məmmədrzayev, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun zəlzələyədavamlı bina və qurğular laboratoriyasının müdiri Rövşən Rzayev, Mənzil İnşaatı Dövlət Agentliyi “MİDA” MMC-nin mühəndis sistemləri və kommunikasiyalar, “Yol və nəqliyyat qurğularının tikintisi” üzrə aparıcı mütəxəssisi Elşən Bağırovun daxil olduğu nümayəndə heyəti Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev, səfirliyin müşaviri Sabir Rzayev müşayiəti ilə İrpen şəhərində səfərdə olub.
Səfərin məqsədi Azərbaycanın Ukraynanın bərpası ilə bağlı layihələrlə iştirakı çərçivəsində İrpendə dağıntıya məruz qalmış obyektlərə tanışlıq olub.
Azərbaycan nümayəndə heyətini İrpen şəhər meri Oleksandr Markuşin qarşılayaraq müşayiət edib. Nümayəndə heyəti əvvəlcə akademik Zərifə Əliyeva adına İrpen Şəhər Dostluq Parkını ziyarət edib, abidənin önünə gül dəstələri düzüb. Daha sonra akademik Zərifə xanım Əliyeva adına 12 saylı liseydə aparılan təmir işləri ilə tanış olub, liseydəki eyni adlı muzeyi ziyarət ediblər. Nümayəndə heyəti şəhərdə Rusiya ordusu tərəfindən ötən ilin mart aynda dağıdılmış bir sıra mülki obyektlərlə tanış olub, müəyyənləşdirmə işləri aparıblar.
Şəhər meri O.Markuşin “Report”a bildirib ki, görüləcək işlər artıq müəyyənləşdirilib: “Bu gün biz Azərbaycandan olan qonaqları qəbul etdik, Azərbaycanın Ukraynadakı səfiri gəldi. Biz hansı məsələləri müzakirə edəcəyimizlə bağlı razılığa gəlmişik. Azərbaycan tərəfi şəhərimizin yenidən qurulmasında öz xidmətlərini və köməkliklərini təklif edib. Görülən işlərə görə onlara təşəkkür etdim, çünki ötən il şəhərimizin dağıdılmış ən böyük məktəbini yenidən tikiblər. Bu gün o həmin məktəb fəaliyyət göstərir. Keçən il işıqlar kəsiləndə belə uşaqlar vaxtında məktəbə gedirdilər. Məktəbi böyük bir generatorla təmin ediblər ki, bununla da uşaqların dərslərində fasilə yaranmayıb. Hazırda “SOCAR” şirkəti Zərifə Əliyeva adına 12 saylı liseyi təmir edir. Bu proses sürətlə davam edir və işlər sentyabrda başa çatdırılacaq. Ən əhəmiyyətlisi odur ki, Azərbaycan hökuməti bir çox obyektlərin yenidən qurulmasında Ukraynaya, o cümlədən İrpenə kömək arzusunu ifadə edib. Bu gün nümayəndə heyəti obyektlərə baş çəkəcək, onlara dağıdılan əraziləri göstərəcəyik, layihənin həlli yolları barədə fikir mübadiləsi aparacağıq. Onların daha hansı layihələri götürəcəyinə qərar verəcəyik. Mərkəzin yaradıcılıq binası, xəstəxana və yaşayış binasının yenidən qurulması ilə bağlı təkliflərimiz var. Bu gün biz bütün bu obyektləri göstərmək istəyirik. Artıq bu obyektlər üçün layihə həlləri var, sonra isə yalnız onların maliyyələşdirilməsinə razılıq verilir”.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov isə bildirib ki, İrpen şəhərində baş verən dağıntılar ilə tanış oldular: “Şəhər meri bizə ətraflı məlumat verdi və biz bir sıra dağıdılmış sosial tipli obyektlərin bərpasını müzakirə etdik. Düşünürəm ki, biz müvafiq dəyərləndirmə işləri aparandan sonra həmin obyektlərin bərpası və yenidən qurulması üçün təkliflərlə çıxış edəcəyik. Azərbaycan inşaatçılarının iştirakı ilə həmin obyektlərin inşasına başlanılacaq”.
Səfir Seymur Mərdəliyev “Report”a bildirib ki, Azərbaycan humanizm prinsiplərinə, eyni zamanda Ukrayna ilə münasibətləri nəzərə alaraq bir neçə dəfə bölgəyə humanitar yardımlar göndərib: “Bu müddətdə tibbi avadanlıqlar, qida məhsulları, habelə generatorlar və transformatorlar Azərbaycan tərəfindən Ukrayna xalqına yardım kimi göndərilib. Bildiyiniz kimi, iyun ayının sonunda Londonda keçirilmiş konfransda Azərbaycan humanitar layihələrin davamı olaraq Ukraynanın bərpası layihələrinə qoşulub. Azərbaycan praktiki olaraq postmüharibə dövründə Ukraynanın bərpası ilə bağlı infrastruktur layihələrdə iştirak edəcək. Faktiki olaraq bu gün Azərbaycandan gələn missiyanın İrpendə səfəri də Londonda götürdüyümüz öhdəliklərin praktiki başlanğıcıdır.
İrpen meriyasında uğurlu bir müzakirələr keçirdik, bəzi infrastruktur layihələrlə yaxından tanışlıq üçün həmin ərazilərdə olduq. Bu, Azərbaycandan gələn nümayəndə heyəti üçün yaxşı imkan yaratdı. Onlar söhbətin hansı layihələrdən getdiyini real gördülər. Yəni, konkret olaraq İrpen şəhərinə nə lazımdır və Azərbaycan hökuməti də buna necə dəstək verə bilər. Bütün bunlarla yerində tanış olduq. Bizim bu layihələrimiz humanitar səciyyə daşıyan layihələrdir. Bu, İrpen şəhərində bizim ilk işimiz deyil. Keçən il akademik Zərifə xanım Əliyevanın adını daşıyan 12 saylı ümumtəhsil liseyin bərpası Azərbaycan Prezidentinin tapşırığı əsasında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynada törəmə şirkəti olan “SOCAR Ukraine” tərəfindən həyata keçirildi. Bu il də əlavə təmir işləri davam etdiriləcək”.