Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
görüşdə Azərbaycan ilə Yaponiya arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubu imzalanıb.
Azərbaycanda həyata keçirilən islahatlar barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş uğurları qeyd edib. Abid Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən bəhs edib.
Akira Amari Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və infrastruktur layihələrində fəal iştirakını qeyd edib. Yaponiyalı nazir həyata keçiriləcək yeni layihələrlə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Abid Şərifov və Akira Amari Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Yaponiyanın Kabinet üzrə Katibliyi arasında səhiyyə sahəsində əməkdaşlıq üzrə Niyyət Məktubunu imzalayıblar.