Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) növbəti dəfə üzv seçilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2025-2027 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 148 səslə Şuranın üzvü olub.
Qeyd edək ki, ECOSOC BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.
ECOSOC BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.
Səsvermənin nəticəsinə görə Azərbaycanla yanaşı, Ermənistan, Əlcəzair, Niderland, Avstraliya, Banqladeş, Kanada, Tanzaniya, Özbəkistan, Somali də daxil olmaqla ümumilikdə 21 ölkə üç il müddətində ECOSOC-a üzv seçilib.
BMT Nizamnaməsinin 61-ci maddəsinə əsasən, ECOSOC Baş Assambleya tərəfindən seçilən 54 üzvdən ibarətdir. 18 üzv hər il Baş Assambleya tərəfindən üç illik müddətə ECOSOC-a üzv seçilir.