Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq fəal inkişaf edir.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 21-ci iclasında deyib.
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələri əsasında inkişaf edir:
“İki ölkə arasında münasibətlərin xüsusi statusu 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsi ilə rəsmiləşdirilib”.
“Biz MDB-nin Parlamentlərarası Assambleyasında, Parlamentlərarası İttifaqın tərkibində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyada qarşılıqlı fəaliyyət göstəririk”, - A.Yatskin bildirib.
Onun sözlərinə görə, fevral ayında Stavropol diyarında keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu mühüm hadisə olub. Hazırda Rusiyanın 70-dən çox regionu Azərbaycanla regionlararası əməkdaşlıqda iştirak edir.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli çıxışında qeyd edib ki, Əməkdaşlıq Komissiyasının iclası ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə verəcək: “Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Sevindirici haldır ki, bu gün biz dövlətlərarası münasibətlərimizi bu möhkəm tarixi zəmində inkişaf etdiririk”.
İclas zamanı, həmçinin Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının 2024–2026-cı illər üçün iş planının (“yol xəritəsi”) imzalanması mərasimi keçirilib.