“Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü Avropanın azad mətbuatı və kütləvi informasiya vasitələri tarixi üçün faciəvi bir xəbərdir".
Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys azərbaycanlı mətbuat nümayəndələrinin Kələcərdə minaya düşərək həlak olmasını şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistan Avropada şərin və insan itkilərinin əsas mənbəyidir.
“Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin və digər liderlərin Ermənistanın hərəkətlərini pisləməməsi məni heyrətə gətirir. Daha pisi isə Ermənistanın mina sahələrinin xəritələrini Azərbaycana verməkdən imtina etməsi, Azərbaycan tərəfinin bütün xahişlərinin AŞ və BMT tərəfindən gözardı edilməsidir”, - politoloq bildirib.
P.Teys həlak olmuş jurnalistlərin şərəfinə jurnalist mükafatları təsis etməyi və mina sahələrinin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana qarşı təzyiqi artırmağı təklif edib. Onun fikrincə, İrəvan rəhbərliyinin Avropanın mütəşəkkil cinayətkarlıq dairələri ilə dərin əlaqələri açıq şəkildə ifşa edilməli və dəqiqliklə araşdırılmalıdır.
Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.