Fransa müstəmləkəçiliyinə qarşı mübarizə hələ də davam edir və bu prosesdə assimilyasiya siyasəti ciddi təhdid olaraq qalır.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) ev sahibliyi ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda iştirak edən Qvadelupanın “Azadlığı Uğrunda Xalq İttifaqı Partiyası”nın baş katibin müavini Ali Meril bildirib.
Ali Meril vurğulayıb ki, Fransa müstəmləkəçiliyinə qarşı davam edən mübarizə xüsusilə dil və mədəniyyət vasitəsilə həyata keçirilən assimilyasiya siyasətinə qarşı yönəlib:
“Fransanın hökmranlığına qarşı üsyan etməyə davam edirik, çünki onlar bizi assimilyasiya yolu ilə inteqrasiya edib yox etmək istəyirlər. 1946-cı ildən bəri onlar bizim öz müqəddəratımızı təyin etmək, öz təşkilatlarımızı yaratmaq hüququmuzu inkar ediblər. Biz isə bu işğalçılara qarşı müqaviməti heç vaxt dayandırmamışıq.”
A.Meril xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib:
“Təxminən iki ildir ki, Bakı Təşəbbüs Qrupu ilə sıx əməkdaşlıq edirik. Kanar adaları, Maorilər, Korsika, Qviyana, Martinika, Boneyra və Sen-Marten kimi digər müstəmləkələrlə birlikdə “Dekolonizasiya üzrə Beynəlxalq Fond” adlandırdığımız təşəbbüsü yaratmışıq. Bu fondu 2023-cü ilin iyulunda Kanakidə rəsmi olaraq təsis etdik”.
O, əlavə edib ki, bu ilin mart ayında Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın “Azadlığı Uğrunda Xalq İttifaqı Partiyası” arasında Anlaşma Memorandumu imzalanıb:
“Yeni əməkdaşlıq çərçivəsində dekolonizasiya istiqamətində birgə fəaliyyətlər planlaşdırılıb və beynəlxalq arenada səsimizi daha güclü şəkildə çatdırmaq üçün mühüm addımlar atılıb”.