Ali Məhkəmədə “Çirklənmə, təbiət və su: Hakimlərin iqlim dəyişikliyinə dair qlobal dialoqu” mövzusunda tədbir keçirilib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrysen, BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər iştirak ediblər.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.
Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir.
Sonra Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi təbiətdə xüsusən su hövzələrinə təsir edir, quraqlıqlığın yaranmasına gətirib çıxarır. Ətraf mühiti hakimsiz qorumağın mümkün olmadığı xüsusi vurğulanıb.
BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali çıxışında ətraf mühitə təsir edən, qanunun aliliyini pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri Luk Lavrysen isə dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində götürdükləri öhdəliklər və bu istiqamətdə məhkəmə təcrübəsini vurğulayıb. Bildirilib ki, yetərsiz iqlim insan hüquqlarının pozulmasına səbəb olur.