Avropa İttifaqı (Aİ) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.
“Report” xəbər verir ki, bu barədə Brüsselin “EUobserver” portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
“Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir”, – nəşr AK nümayəndəsinin sözlərindən sitat gətirir.
Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən qeyd etdiyi kimi, “yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var, Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb”.
XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının vacibliyini iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti adlandırıb.