ABŞ-ın Nyu-York ştatında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin birinci ildönümü - 8 noyabr Zəfər Günü münasibətilə avtoyürüş keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, yürüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşkilatçılığı ilə baş tutub.
Şəhərin Bruklin əyalətində Əyyub Sultan Mədəniyyət Mərkəzinin önündə toplaşan həmvətənlərimiz “Qarabağ Azərbaycandır” şüarının yazıldığı, Şuşanın və Xarıbülbülün görüntüsünün əks olunduğu, Azərbaycan bayraqları ilə bəzədilmiş nəhəng dekorlu avtomobil karvanının müşayiəti ilə yola düşüblər.
Azərbaycan musiqiləri ilə hərəkət edən avtomobil karvanı ABŞ ictimaiyyətinin diqqətini cəlb edib. Yürüş iştirakçıları ermənilərin sıx məskunlaşdığı ərazilərdən keçib, Nyu-Yorkun mərkəzi küçə və meydanlarında dövrə vurublar.
Yürüşün ilk dayanacağı tarixi Bruklin körpüsü olub. Aksiya iştirakçıları körpünün üzərində hərəkət edib, “Yallı” oynayıblar. Körpüdən keçən turistlər və sakinlər həmvətənlərimizin sevincini paylaşıb, onlarla birlikdə rəqs ediblər.
Azərbaycan bayraqları və qələbə şüarları ilə körpünü keçən diaspor fəallarının növbəti dayanacağı isə Manhetten adası olub. Onlar Nyu-Yorkda turistlərin ən çox ziyarət etdiyi küçələrdən biri “Wall Street”də yerləşən “Bowling Green” parkda bayraq meydanında nəhəng Azərbaycan bayrağı qaldırıblar.
Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və digər diplomatlar iştirak edib. Mərasimdə çıxış edən Y.Əliyev tarixi qələbəmizin Azərbaycandan kənarda yaşayan hər bir soydaşımıza qürur və sevinc bəxş etdiyini bildirib.
Aksiya 3 saat davam edib. ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara bələdçilik edib.
Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə ABŞ-ın Nyu-York ştatında avtoyürüş keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, avtoyürüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunacaq. Yürüşdə Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillər Nyu-Yorkun mərkəzi meydan və küçələrində dövrə vuracaq. Şəhərin Bruklin əyalətindən başlayacaq avtoyürüşün Manhattan adasında sona çatacağı planlaşdırılır. Avtoyürüşə Nyu-York polisi bələdçilik edəcək.
Aksiya iştirakçıları tarixi Bruklin körpüsündə “Yallı” rəqsi oynayacaqlar. Yürüşün sonunda Nyu-Yorkda turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng Azərbaycan bayrağı qaldırılacaq.