Son illər Azərbaycanda turizm sektorunun inkişafı üçün addımlar atılır və turizm əsas sektor kimi təşviq edilməklə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib.
Bunu "Report"a müsahibəsində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili deyib.
O bildirib ki, buna marketinq kampaniyaları, o cümlədən infrastruktur investisiyaları, mədəni irsin təbliği, müxtəlif beynəlxalq tədbirlərə və təşəbbüslərə ev sahibliyi etmək daxildir: "2023-2026-cı illər üzrə Azərbaycanın turizm strategiyası ölkədə turizmin inkişafına istiqamət verən strateji və vahid çərçivə təqdim edir. Bu, strateji baxışı, rəhbər prinsipləri müəyyənləşdirir və 9 əsas sütun vasitəsilə turizmin inkişafını təsvir edir".
Baş katibi qeyd edib ki, qlobal turizm COVID-19 pandemiyasından ciddi şəkildə təsirləndikdən sonra UNWTO üzv dövlətlərin turizm sektorunun daha da inkişafı üçün atdığı addımları dəstəkləməyə və təşviq etməyə hazırdır.
"Biz UNWTO olaraq üzv dövlətlərimizin öz ölkələrində davamlı və məsuliyyətli turizmi daha da inkişaf etdirmək üçün atdıqları addımları dəstəkləməyə hazırıq. Bu, kənd turizmi, turizm təhsili, marketinq, statistika, innovasiya və təhsilə xüsusi diqqət yetirməyi tələb edir. Təşkilatımızın təklif etmək üçün müxtəlif alətləri var və biz üzv dövlətlərimizin ideya və təşəbbüslərini alqışlayırıq", - Z. Pololikaşvili bildirib.
Zurab Pololikaşvili ilə müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.