UNWTO: "Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm bazarına müsbət təsir göstərə bilər"

UNWTO: "Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm bazarına müsbət təsir göstərə bilər" Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər, torpa
Turizm
22 Sentyabr , 2023 10:36
UNWTO: Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm bazarına müsbət təsir göstərə bilər

Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər, torpaqlarımızın işğaldan azad olunması ilə yeni istiqamətlərin yaranması turizmin inkişafında öz müsbət təsirlərini göstərir. Bununla yanaşı hazırda dünyada baş verən qlobal proseslər isə səyahətçiləri səfərlərlə bağlı bir sıra seçim qarşısında qoyur.

Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili “Report”a müsahibəsində dünyada baş verən proseslərin turizmə təsirindən, postpandemiya dövründə bu sahənin inkişaf perspektivlərindən danışıb, beynəlxalq və Azərbaycan turizminin mövcud vəziyyətini dəyərləndirib.

- Turizm pandemiyadan ən çox təsirlənən sektorlardan biri olub. Pandemiya dövründə dünyada turizm iqtisadiyyatının itkisi təxminən 1,2 trilyon ABŞ dollarından çoxdur. Turizm sahəsində 120 milyon iş yeri təhlükə altına düşmüşdür. Bəzi ölkələr pandemiyanı turizmi yenidən dərk etmək üçün bir fürsət olaraq gördülər və onu stimullaşdırmaq üçün yeni təşəbbüslərə başladılar. Hazırda turizmin mövcud vəziyyətini necə dəyərləndirirsiniz? Pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq mümkün olubmu?

- Beynəlxalq turist səfərləri 2023-cü ilin birinci rübündə pandemiyadan əvvəlki səviyyələrin 80 %-nə çatıb. Xüsusilə Avropa və Yaxın Şərqdə 2022-ci ilin sonuna mühüm nəticələrin əldə edildiyini və səfərlərin ümumilikdə 66 % bərpa olunduğunu deyə bilərik.

Beynəlxalq turizm 2023-cü ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 86 % artıb, səyahət edənlərin sayı təxminən 235 milyon olub və bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Turizmin bərpası baxımından ən yaxşı göstərici Yaxın Şərqdə qeydə alınıb və rüb ərzində pandemiyadan əvvəlki rəqəmləri bərpa edən ilk regiondur. Avropa 2023-cü ilin ilk rübündə pandemiyadan əvvəlki səviyyələrin 90 %-nə çatıb. Afrika və Amerika 2023-cü ilin ilk üç ayında 2019-cu ilin səviyyəsinin təxminən 85 %-nə, Asiya və Sakit Okean regionunda isə turistlərin səfəri pandemiyadan əvvəlki səviyyələrin 54 %-nə yüksəlib. Avropanın Aralıq dənizinin cənub hissəsi (1 % çox) və Şimali Afrika (4 % çox) 2019-cu ilin rəqəmlərini bərpa edib.

Beynəlxalq turizm üzrə gəlirlər 2022-ci ildə yenidən 1 trilyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilə nisbətən real ifadədə 50 % artaraq pandemiyadan əvvəlki səviyyələrin 64 %-nə çatıb.

Şimal yarımkürəsində növbəti yay mövsümü üçün daha müsbət nəticələr gözlənilir. Kifayət qədər tələbin olması, hava nəqliyyatı ilə əlaqənin davamlı bərpası, Çinin və Asiyanın əsas bazarlarının, istiqamətlərinin yenidən açılması yay mövsümü üçün gözəl nəticələr vəd edir.

UNWTO Ekspertlər Şurasının sorğusunda iştirak edən ekspertlərin də 70 %-i bu ilin may-avqust aylarında daha yaxşı nəticələr gözləyirdi. Ancaq yenə də beynəlxalq turizmin 2024-cü ilə və ya bir az sonrakı dövrə qədər pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacağına inananlar da var.

Getdikcə çətinləşən iqtisadi mühit nəticəsində turistlərin daha çox münasib qiymətə və daha yaxın istiqamətlərə səyahətə üstünlük verəcəkləri gözlənilir.

- Pandemiyadan sonra Azərbaycanda turizm sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?

- COVID-19 bütün ölkələr kimi Azərbaycanda da turizmin inkişafına ciddi təsir göstərib. UNWTO pandemiyanın təsirlərini minimuma endirməyə və turizmin inkişafını davamlı etməyə çalışan üzv dövlətlərə kömək etmək üçün müxtəlif alətlər təqdim edib. Bunlara UNWTO-nun Turizm Məlumatları Paneli, Dünya Turizm Barometri, COVID-10 pandemiyasının təsirlərinə həsr olunmuş nəşrlər və digərləri daxildir. Tövsiyə olunan addımlar arasında zəruri sağlamlıq və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi, infrastruktura, o cümlədən nəqliyyat, yerləşdirmə və turizm obyektlərinə sərmayə qoyuluşunun davam etdirilməsi, turistik sahələrin genişləndirilməsi və şaxələndirilməsi, kənd turizminə xüsusi diqqət yetirilməsi, turizm sektoruna özəl sektorun daha çox investisiyasının təşviq edilməsi daxildir.

Həmçinin turizm təhsili və təlimi proseslərini daha da inkişaf etdirmək və təkmilləşdirmək də tövsiyələr sırasındadır. Biz bütün üzv dövlətlərini turizmin davamlı və məsuliyyətli inkişafını təmin etməyə çağırırıq və atacaqları addımları dəstəkləyəcəyimizi bildiririk.

- Hazırda Azərbaycanda turizm sektorunun inkişafını necə qiymətləndirirsiniz?

- Son illər Azərbaycanda turizm sektorunun inkişafı üçün addımlar atılır. Turizm əsas sektor kimi təşviq edilməklə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib. Buna marketinq kampaniyaları, o cümlədən infrastruktur investisiyaları, mədəni irsin təbliği, müxtəlif beynəlxalq tədbirlərə və təşəbbüslərə ev sahibliyi etmək daxildir. 2023-2026-cı illər üzrə Azərbaycanın turizm strategiyası ölkədə turizmin inkişafına istiqamət verən strateji və vahid çərçivə təqdim edir. Bu, strateji baxışı, rəhbər prinsipləri müəyyənləşdirir və 9 əsas sütun vasitəsilə turizmin inkişafını təsvir edir.

Qlobal turizm COVID-19 pandemiyasından ciddi şəkildə təsirləndikdən sonra biz üzv dövlətlərimizin turizm sektorunun daha da inkişafı üçün atdığı addımları dəstəkləməyə və təşviq etməyə hazırıq.

- Azərbaycanda turizmin inkişafı üçün hansı layihələr həyata keçirilə bilər? Bu sahədə Azərbaycan ilə əməkdaşlıq etməyi düşünürsünüzmü?

- Azərbaycan təşkilatımızın fəal üzvlərindən biridir və UNWTO-nun Qlobal Gənclər Turizm Sammiti, Ən Yaxşı Turizm Kəndləri, qastronomiya və şərab turizmi tədbirləri kimi müxtəlif təşəbbüslərini dəstəkləyib, onlara töhfə verib. Azərbaycan, həmçinin 2023-2025-ci illər üçün UNWTO-nun İcraiyyə Şurasının üzvü seçilmiş fəal iştirakçıdır. Biz UNWTO olaraq üzv dövlətlərimizin öz ölkələrində davamlı və məsuliyyətli turizmi daha da inkişaf etdirmək üçün atdıqları addımları dəstəkləməyə hazırıq. Bu, kənd turizmi, turizm təhsili, marketinq, statistika, innovasiya və təhsilə xüsusi diqqət yetirməyi tələb edir. Təşkilatımızın təklif etmək üçün müxtəlif alətləri var və biz üzv dövlətlərimizin ideya və təşəbbüslərini alqışlayırıq.

- Hazırda turistlər hansı turizm növünə üstünlük verir? Gələcəkdə bunun dəyişməsi ehtimalı varmı?

- Turizm növü üçün üstünlüklər fərdi maraq, qlobal tendensiyalar və xarici şərtlər kimi amillərdən asılı olaraq dəyişə bilər. Fərqli regionlar və ölkələr turizm növlərində fərqli meyllərə və axınlara malikdir. Ona görə də qlobal səviyyədə müəyyən bir turizm növünü vurğulamaq çətindir.

UNWTO bütün yerli və beynəlxalq turizmin maraqlı tərəfləri üçün davamlı və məsuliyyətli turizm yanaşmasını təşviq edir. Biz kənd turizminin inkişafına yönəlmiş təşəbbüsləri güclü şəkildə dəstəkləyirik.

Son illərin ən mühüm inkişaflarından biri nisbətən yeni istiqamət olan rəqəmsal köçərilikdir. Rəqəmsal transformasiyanın təsiri texnologiyanın turizm təcrübəsinə inteqrasiyası, virtual turlar və kontaktsız xidmətlərin daha çox rol oynadığı fərdiləşdirilmiş və texnologiyaya əsaslanan səyahət ilə nəticələnə bilər.

Turistlərin seçimləri axıcı və bir çox amillərdən asılı olaraq dəyişkən ola bilər. Turizm sektorunda maraqlı olan tərəflər üçün bazar tendensiyalarını daim izləmək və öz təkliflərini bazara uyğunlaşdırmaq vacibdir.

- Regionda baş verən münaqişələr dünyada turizm bazarına necə təsir edib? Turizm sektorunun bu səbəbdən görəcəyi zərəri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?

- Əvvəlcə, bu münaqişələrdən əziyyət çəkən insanları düşünməliyik. Təbii ki, bu cür münaqişələr beynəlxalq turizm üçün böyük problem yaradır. Qeyri-müəyyənliyi artırır, təhlükəsizliklə bağlı narahatlıqlar yaradır, infrastruktura, iqtisadiyyata və nüfuza xələl gətirir, təkcə münaqişədə birbaşa iştirak edən ölkələrə deyil, həm də qonşu ölkələrə təsir göstərir. Bu, pandemiyadan sonrakı bərpa üçün ehtiyac duyduğumuz inam və təhlükəsizlik hissini sarsıdır. Məhdudiyyətlərin yumşaldılması səyahətin normallaşmasına kömək etsə də, mövcud və ya potensial münaqişələr bərpa üçün ciddi təhlükə yaratmaqda davam edir.

UNWTO turizmin sülh çağırışlarını gücləndirməyə və bütün hərbi əməliyyatların dərhal dayandırılmasının tələbinə davam edəcək. Biz hesab edirik ki, regional əməkdaşlıq və kommunikasiya münaqişələrə son qoymaq üçün həyati əhəmiyyət kəsb edir. Turizmin inkişafı üçün sabit və dinc şərait vacibdir. Turizm etimadın bərpasına kömək etmək, dialoqu və anlaşmanı təşviq etmək, imkanlar təqdim etmək gücünə malikdir.

- Qarabağın işğaldan azad olunması ilə Azərbaycanın turizm bazarında canlanma olacağını düşünürsünüzmü?

- Qarabağın işğaldan azad edilməsi Azərbaycanın turizm bazarına müsbət təsir göstərə bilər. Ancaq bu təsirin həcmi regiondakı təhlükəsizlik və sabitliyin bərpasından, turizm infrastrukturunun inkişafından və Qarabağın turizm məkanı kimi təbliğindən asılıdır.

Son xəbərlər

Orphus sistemi