Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Cuniçi Vada Qubaya səfər edib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, səfirlə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Görüşdən sonra səfir və xanımı Xınalıq kəndinə gəlib, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsinin turizm imkanları ilə tanış olub. Cuniçi Vada Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Daha sonra səfir “Qədim Quba” xalçaçılıq müəssisəsi, dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olub, Birinci Nügədi kəndində Yaponiyadan gətirilən alma sortları becərən sahibkar Ramiz Kərimovla görüşüb.
Quba ilə tanışlıqdan məmnun olduğunu bildirən diplomat rayonu tolerant və turizm əhəmiyyətli bölgə olduğunu vurğulayıb.