"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun təmir-bərpası ilə bağlı işlərin dəyəri 50 % artımla 6,6 milyon manatdır.
Bu barədə "Report"a Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
"Əvvəlcə 44 evin təmiri üçün 4,4 milyon manat ayrılmışdı. Bir evin təmiri üçün ƏDV daxil olmaqla 100 min manat nəzərdə tutulurdu. Lakin söküntü zamanı daha çox dağıntıya yol verilir. Dağıntıların bir hissəsi bir yerdən başqa yerə daşınır. Digər bir problem taxta konstruksiyalarla bağlıdır. Bakıdakı evlərdə olduğu kimi kəsilmiş halda deyil, bütöv bruslar və ya meşə materialları tələb olunur. Bu materialları tapmaq çətindir və Rusiyadan gətirilir. Bu da əlavə xərc yaradır. Başqa bir çətinlik isə logistikadır. Məsələn, Qubada 20 manata alınan bir kub atsep və yaxud çınqıl Xınalığa 95-105 manata çatdırılır", - deyə o qeyd edib.
2020-ci ildən etibarən Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb.