Bu gün Türkiyənin Şanlıurfa şəhərində, 2023-ci ildə keçirilməsi nəzərdə tutulan, neolit dövrünə həsr ediləcək beynəlxalq konfransın “Daş Təpələr” adlı təqdimat simpoziumu işə başlayıb.
“Report” xəbər verir ki, sabah başa çatacaq tədbirdə Türkiyə və Azərbaycanla yanaşı, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Almaniya, ABŞ və digər ölkələrdən 70-dən çox jurnalist, eləcə də Türkiyə, Kanada və Böyük Britaniyadan professor heyəti iştirak edir.
Simpoziumun keçirilməsində məqsəd Şanlıurfadakı “Daş Təpələr” adlı tarixi məkanı dünyaya tanıtmaqdır. Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin rəisi Gökhan Yazqı bildirib ki, “Daş Təpələr” 12 min illik tarixə malikdir, tarixin sıfır nöqtəsi, yəni başlanğıcı hesab edilən qədim yaşayış məskənlərindən biri kimi YUNESKO-nun Dünya İrsi siyahısına salınıb.
Onun sözlərinə görə, sözügedən ərazidə aparılan arxeoloji qazıntılar qədim insanların yaşayışı ilə əlaqədar yeni fikirlər ortaya çıxarıb: “Daş Təpələr”də aparılan qazıntılar zamanı çəkisi 40 tona qədər olan dik daşların sözügedən əraziyə necə gəlib-çıxdığı əsas müzakirə mövzularından biridir. Bu bölgə hər hansı yaşayış məskəninə yaxın deyil, İnsanın əsas ehtiyacı olan su qaynaqlarından uzaqda yerləşir. Bu ərazinin nəyə görə seçilməsi əsas suallardan biridir”.
G.Yazqı əlavə edib ki, ərazi 1963-cü ildə kəşf edilib, lakin ilk qazıntılar 1995-ci başlayıb: “Arxeoloqların ilkin ehtimalına görə, qazıntılar zamanı aşkarlanmış tikililər qədim insanların ibadət yeri olub. Neolit dövründə "Daş Təpələr" insanların cənazə rituallarını icra etdikləri yer olub”.
İstanbul Universitetinin professoru Mehmet Özdoğan isə deyib ki, Anadolunun neolit dövrünün dünya sivilizasiyasına töhfəsi yeni anlamağa başlayıblar: “Biz əvvəl düşünürdük kı, Anadolunun tarixi bir o qədər də vacib deyil. Lakin aparılan arxeoloji qazıntılar, araşdırmalar Türkiyənin neolit dövrünün böyük əhəmiyyətə malik olduğunu, dünya tarixində əhəmiyyətli yer tutduğunu sübut edib. "Daş təpələr”də yaşayan insanların dini inanclarının formalaşması onların əkinçilik bacarıqlarının əldə edilməsindən öncəki dövrə təsadüf edir. Bu araşdırmalara qədər bu fikrin tam əksi hesab edilirdi”.
Daha sonra dünyanın bir sıra ölkərindən tarixçi-alimlər arxeoloji qazıntılar və neolit dövrünə aid arxeoloji tapıntılarla bağlı geniş təqdimatla çıxış edib.