“Şəhərdən kəndə” layihəsinin əhatə dairəsi genişləndirilir

“Şəhərdən kəndə” layihəsinin əhatə dairəsi genişləndirilir Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC “Şəhərdən kəndə” layihəsinin əhatə dairəsini genişləndirir.
Turizm
27 Avqust , 2020 11:57
“Şəhərdən kəndə” layihəsinin əhatə dairəsi genişləndirilir

 Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC  “Şəhərdən kəndə” layihəsinin əhatə dairəsini genişləndirir.

Bu barədə “Report”a qurumun mətbuat katibi Mayıs Musayev məlumat verib. 

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin əməkdaşları hazırda ölkənin Şimal-Qərb zonasındadır, İsmayıllı, Zaqatala, Balakən, Şamaxı, Qəbələdə fermerlərə təlim keçirlər: “Bu ərazilər turistlərin daha çox müraciət etdiyi bölgələrdir. Məqsədimiz “Şəhərdən kəndə” layihəsində iştirak edən fermerlərin sayını artırmaqdır. Onlara turistlərlə işləməklə bağlı təlimatlar verilir, bağlar turist qəbul etmək üçün uyğunlaşdırılır.  Bununla yanaşı, “Şəhərdən Kəndə”nin www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır və turlar haqqında məlumatlar yerləşdirilib. Hazırda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinə görə sayta turlar aktivləşdirilməyib".

Xatırladaq ki, “Şəhərdən Kəndə” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. “Aqrar Tədarük və Təchizat”ımn icra etdiyi layihə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və “Paşa Holdinq” MMC tərəfindən dəstəklənir.

Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir. Turist qəbul edən hər bir fermer təsərrüfatının aylıq gəliri ortalama 300 manat artıb.

Layihə çərçivəsində müxtəlif regionlarda 300-ə yaxın kəndli-fermer və aqrar sahibkarlarla görüşlər keçirilib, onlara layihənin məqsədi və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.

Bu günədək 200-ə yaxın təsərrüfat sahibi birbaşa, yaxud www.tovillage.az saytı və sosial media hesabları vasitəsilə layihəyə qoşulmaq üçün müraciət edib. Baxış keçirilən 118 fermer təsərrüfatından 76-sı layihə üçün uyğun hesab edilib. 2021-ci ilə qədər davam edəcək pilot layihə çərçivəsində 500 fermer maarifləndiriləcək və onların aqroturizm sahəsində məşğulluqları təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi