“Bu il Rusiyadan Azərbaycana səfərlərə yüksək maraq müşahidə olunur və rusiyalılar bu ölkəyə daha çox səyahət etməyə başlayıblar”.
“Report”un məlumatına görə, bu barədə RTN xəbər yayıb.
Mütəxəssislər hesab edirlər ki, turistlər arasında görməli yerlərə və çimərlik turlarına, MICE proqramlarına və regionlara səfərlər daha populyardır.
“Russian Express” şirkətinin reklam və PR departamentinin direktoru Anna Filatovskayanın sözlərinə görə, Azərbaycan hələ 2022-ci ildə də koronavirus məhdudiyyətlərinə görə sərhədlərini bağlı saxlayırdı: “Lakin, bu ölkəyə səfərlə bağlı xeyli tələbat vardı, çünki, turistlər bu istiqamət üçün darıxırdılar”.
“Intourist” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Daria Domostroyeva vurğulayıb ki, 2022-ci ildə Azərbaycan yalnız etibarlı peyvənd sertifikatı olan turistləri qəbul edib: “Onda tələbat minimal idi, indi turist axını 20 dəfə artıb. Payızın gəlişi ilə bağlı görməli yerlərə və şəhər turlarına tələbat artıb. Bunun üçün bizdən yalnız otellər sifariş edilir. Hazırda bu istiqamətdə kifayət qədər nəqliyyat mövcuddur.
Çox vaxt Azərbaycanın görməli yerləri turları dənizdə 2-3 günlük istirahətlə birləşdirilir. Eyni zamanda, turistlər ekskursiya proqramı bitdikdən sonra özləri sahildəki otelləri bron edə bilərlər”.
“Startour” şirkətinin baş direktorunun müavini Mariya Novikova isə qeyd edib ki, Bakıda bir neçə gün qalmaq, “Yanardağ” yamacındakı təbii əbədi məşələ, şəhərin yaxınlığındakı qədim yaşayış məskəninin qazıntılarına baxmaq çox maraqlıdır:
“Bizim əsas istiqamətlərimizdən biri budur. Bakının görməli yerlərinə qısa həftəsonu proqramları, İçərişəhərə turlar, dağ-spa otellərində istirahətlə dolu həftəlik proqramlar da tələb olunur. Onlar həmçinin şərab zavodlarına, qədim Şəkiyə və başqa şəhərlərə baş çəkirlər”.