Ötən il Azərbaycana 3,2 milyona yaxın xarici vətəndaş gəlib

Ötən il Azərbaycana 3,2 milyona yaxın xarici vətəndaş gəlib 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya əvvəlki illə müqayisədə 11,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Turizm
27 Yanvar , 2020 12:29
Ötən il Azərbaycana 3,2 milyona yaxın xarici vətəndaş gəlib

2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya əvvəlki illə müqayisədə 11,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,1%-i Hindistan, 1,9%-i Ukrayna, hər birindən 1,6% olmaqla Türkmənistan və İraq, hər birindən 1,5% olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2%-i Böyük Britaniya, 11,0 %-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6%-ni kişilər, 33,4%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2%), Hindistan (66,8%), Çin (62,4%), Misir (55,6%), Malayziya (54,9%), Səudiyyə Ərəbistanı (46,3%), Macarıstan (33,6%), Polşa (31,1%), Özbəkistan (28,4%), Qazaxıstan (25,7%), Böyük Britaniya (25,5%), Filippin (24,6%), İspaniya (24,2%), Cənubi Koreya (19,9%), Almaniya (19,2%) və Gürcüstan (18,8%) vətəndaşları arasında qeydə alınıb.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3% artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3% artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9% azalaraq 549 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7%-i dəmir yolu və avtomobil, 40,5%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Qeyd edək ki, ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfər olub. Ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,9%-i Gürcüstana, 17,6%-i Rusiyaya, 11,4%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7%, Gürcüstana gedənlərin sayı 12,3%, Rusiyaya gedənlərin sayı 5,7%, Türkiyəyə gedənlərin sayı isə 4,6% artıb.

2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,6%-i dəmir yolu və avtomobil, 16,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi