Yunanıstan hökuməti koronavirus pandemiyasının öhdəsindən gələ bilmiş ölkələr arasında səyahətlər üçün “təhlükəsizlik dəhlizi” yaratmaq təklifi irəli sürüb.
“Report” “Greek City Times”ə istinadən xəbər verir ki, ölkənin baş nazir Kiriakos Mitsotakis koronavirusa qarşı daha çox müvəffəqiyyət qazanmış Avstriya, Danimarka, Norveç, Çex Respublikası, İsrail, Sinqapur və Avstraliyanın hökumət başçıları ilə videokonfrans formatındakı görüş zamanı bu fikri səsləndirib.
O, belə bir addım nəticəsində sərhədlər açılandan sonra hələ yay mövsümü başa çatmamış turizmi tez bir zamanda dirçəltməyin mümkün olacağını bildirib.
“Təhlükəsizlik dəhlizləri” insanların nə özlərini, nə də ətrafdakılarını təhlükə altında qoyaraq rahat səyahət etmələri üçün tətbiq ediləcək müvafiq təmizlik norma və standartlarıdır. Həmin standartlar təyyarə uçuşları zamanı, mehmanxanalarda, görməli yerlərə səfər zamanı tətbiq oluna bilər.