Koronavirusdan sonrakı dövrdə turizmin inkişaf istiqamətləri açıqlandı

Koronavirusdan sonrakı dövrdə turizmin inkişaf istiqamətləri açıqlandı COVID-19 pandemiyası sovuşandan sonra ölkədə turizm sektorunun bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək.
Turizm
10 Aprel , 2020 13:58
Koronavirusdan sonrakı dövrdə turizmin inkişaf istiqamətləri açıqlandı

COVID-19 pandemiyası sovuşandan sonra ölkədə turizm sektorunun bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Senqstşmid Rusiya jurnalistlərilə on-line görüşü zamanı bildirib.

ATB rəhbəri hazırkı lokdaun mərhələsində hökumət tərəfindən iqtisadiyyatı dəstəkləmək üçün kredit və maliyyə zəmanətləri şəklində 500 milyon avroya yaxın vəsait ayrıldığını, bunun sayəsində turizm infrastrukturu sahəsində bir sıra iri layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bu layihələr arasında Şəkidəki turizm mərkəzinin də adı çəkildi.

Ölkədə epidemioloji vəziyyət sabitləşincə hökumət tədricən daxili turizm üçün şərait yaradacaq. Bunun üçün də ATB hazırda daxili turizm bazarı üçün marketinq strategiyası üzərində çalışır.

Üçüncü mərhələdə qonşu ölkələrin bazarlarına tədricən qayıtmaq nəzərdə tutulur. Bu mərhələyə hazırlıq çərçivəsində indidən Rusiyanın turizm şirkətləri üçün bir sıra on-line tədbirlərin hazırlandığı, habelə adıçəkilən ölkədə ATB-nin məlumat nümayəndəliyin də açılacağı qeyd olundu.

“Dördüncü mərhələdə əksər sərhədlərin açılması və təyyarə uçuşlarının bərpası nəzərdə tutulsa da, bunun məhz nə vaxt olacağı, belədə turizmin vəziyyəti necə olacağı bizim üçün hələlik mücərrəd məsələlərdir. Hərçənd Çex Respublikası və Avstriya may ayının ortalarından vəziyyətin daha əlverişli olacağını bildiriblər. Mən bununla razıyam, amma ölkələr arasında bütün əlaqələrin bərpa olacağını da söyləmək çətindir. Bizim üçün infrastrukturumuzu necə, hansı ardıcıllıqla açacağımız da ümdə məsələlərdən biridir” – deyən ATB rəhbəri turizmdə meyarların də dəyişəcəyini, artıq təhlükəsizlik və təmizlik amillərinin əsas götürüləcəyini istisna etməyib. Nəticədə turistlərin daşınmasında, qaldığı yerlərdəki xidmət göstərilməsində böyük dəyişikliklər baş verəcək.

Bununla bağlı məsələləri may ayından araşdıracaqlarını dilə gətirən ATB icraçı direktoru bildirib: “Hazırkı planlarımızda təbiət yerlərinə tur təşkil etməyə, kütləvi tədbirlərdən uzaq durmağa üstünlük verilir. Bununla yanaşı ilk vaxtlarda daha çox tələbatın kotec, butik hotelləri, gündəlik kirayə kimi kiçik yerləşmə məkanlarına yönələcəyini düşünürük”.

Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə Azərbaycan 2017-ci ildə 2 454 min əcnəbi turist qəbul edərək 3 012 milyon ABŞ diolları məbləğində gəlir götürüb. Gəlir həcminə görə ölkə qonşu Gürcüstan və Ermənistanı da xeyli qabaqlayıb.

Son xəbərlər

Orphus sistemi