Azərbaycanın regionlarında turizm sektorunun inkişafı ilə bağlı işlər görülür, hər regionun öz tələb və təklif imkanları öyrənilir.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə biznes subyektləri ilə işlər aparılır: “Bəzi regionlarımızda kifayət qədər yaxşı infrastruktur qurulub. Amma bəzi regionlarda isə ləngimələr var. Bunun üzərində işləyirik ki, turizm imkanları olan hər regionumuzda qonaqlama-yerləşdirmə müəssisələrinin sayının artırılmasına dair işlər görülsün. Biznes subyektlərini bu sahələrə investisiya qoymağa həvəsləndiririk. Dövlət də bu barədə stimullaşdırıcı tədbirləri davam etdirir".
K. Qasımov bildirib ki, ölkədə təbiət, şəhər turizmi və tarixi turizm imkanları genişləndirib: "Daha çox niş turizm sahələri və ekstremal idman növləri üzrə olan turizm sahələrinin inkişafı, ölkəmizdə konfransların, böyük tədbirlərin keçirilməsi istiqamətində xüsusi addımlar atırıq. Növbəti illərdə bu sahələrdə kadrların artırılmasına ciddi ehtiyac olacaq. Təhsil müəssisələrinin də bu istiqamətdə işlərini daha sürətləndirməsini gözləyirik".