İki gün, iki şəhər: Daşkənd və Buxara təəssüratları - REPORTAJ
- 27 avqust, 2026
- 13:18
Adətən ezamiyyətlər ölkə ilə tanış olmağa bəs etmir. Xüsusilə, səfər cəmi iki gün çəkirsə və vaxtın böyük hissəsini rəsmi tədbirlər təşkil edəndə bunu hiss etmək olur.
Lakin sıx jurnalist qrafiki şəraitində belə, tarixi məkanlara baş çəkmək, ətrafın gözəlliyini dəyərləndirmək və qısa müddətə ölkənin çoxəsrlik keçmişinə nəzər salmaq üçün həmişə imkan var.
Bir vaxtlar Böyük İpək Yolunun keçdiyi Özbəkistanda, rəsmi tədbirlər və materialların hazırlanması arasında boş saatlar tapmaq elə də asan deyildi. Buna görə də Daşkəndlə tanışlıq tam olaraq turistik xarakter daşımadı. Arada kiçik bir gəzinti zamanı, şəhərə avtomobilin pəncərəsindən baxmaq mümkün olurdu, bəzi görməli yerlər isə ümumiyyətlə işgüzar proqramın bir hissəsinə çevrilirdi.
İlk baş çəkdiyimiz belə məkanlardan biri də "Kuksaroy" Dövlət İqamətgahı oldu. Təbii ki, sıradan bir səyyahın, turistin ora getməsi qeyri-mümkündür. Bir jurnalist olaraq mənə belə bir fürsət düşdü. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri çərçivəsində adıçəkilən məkana daxil olmaq imkanım yarandı. Sərt protokol, rəsmi danışıqlar, mətbuatın işi – bütün bunlarla yanaşı, adətən mediadan kənarda qalan məqamları görmək imkanı da yaranır.
Rəsmi tədbirlərdən kənarda Daşkənd tamamilə fərqli görünürdü.
Şəhərdə avtomobillə və ya piyada gəzinti zamanı ilk diqqət çəkən şey küçələrin geniş olmasıdır. Paytaxt geniş magistrallar və prospektlər, uzun məsafələr və bol yaşıllıqdan ibarətdir. Burada ağaclar sadəcə şəhər landşaftının bir elementi deyil: 40 dərəcədən yuxarı istidə onların kölgəsi səkilərdə və küçələrdə əsl qurtuluşa çevrilir.
İlk baxışdan diqqəti cəlb edən məqamlardan biri Daşkənddə tikinti işlərinin nə qədər sürətlə getməsidir. Yeni yaşayış və biznes kompleksləri ucaldılır, müasir çoxmərtəbəli binalar yaranır. 2200 ildən artıq tarixə malik paytaxtın ənənəvi siması yeni memarlıq üslubları ilə getdikcə daha çox uzlaşır.
Əyani nümunələrdən biri – biz jurnalistlərin tədbirlər arasındakı fasilədə baş çəkə bildiyimiz "Tashkent City"dir. Paytaxtın yeni biznes və əyləncə mərkəzi kimi nəzərdə tutulan bu iddialı layihə özündə çoxmərtəbəli ofis qüllələrini, beynəlxalq şəbəkələrin hotellərini, park zonalarını və ticarət məkanlarını birləşdirir.
Biz oraya axşam getdik və bu, gəzinti üçün ən uyğun vaxt idi. Qaranlıq düşdükcə park canlanır, ziyarətçilərlə dolur, işıqlar yanır, musiqili fəvvarə işə düşür, kafelər dolur. Ətrafda uşaqlı ailələr, gənclər, turistlər çoxalır. Kimisi şəkil çəkdirir, fəvvarənin yanında oturur, kimisi isə sadəcə gəzir. Burada həyat, həqiqətən də, gecə saatlarına qədər davam edir.
Gərgin iş günündən sonra axşam gəzintisi ezamiyyətin ən xoş tərəflərindən biridir. Eyni zamanda bu, Daşkəndi başqa bir tərəfdən – insanların necə istirahət etdiyini və adi bir yay axşamını necə keçirdiyini görməyə imkan verir.
Əlbəttə, Daşkənddə çox şeyi görməyə vaxtımız çatmadı. Amma bu şəhərə gələn hər kəsə ilk növbədə böyük sərkərdə və Teymurilər imperiyasının banisi Əmir Teymurun xiyabanında, Müstəqillik meydanında, mozaikaları və mərmər sütunları ilə dünyanın ən gözəl metrolarından biri olan məşhur metroda, Köhnə şəhərdə, Həzrəti İmam kompleksində və ticarət ənənələrinin tarixi bir neçə əsrə dayanan əfsanəvi Çorsu bazarında olmağı tövsiyə edirəm.
2026-cı ilin martında açılan İslam Sivilizasiyası Mərkəzinə də ayrıca vaxt ayırmağa dəyər. Mərkəz paytaxtın yeni mədəniyyət məkanlarından biridir. Onun ekspozisiyası Mərkəzi Asiyada islam sivilizasiyasının tarixini əhatə edir, burada muzey, kitabxana və nadir əlyazmalar yerləşir. Mərkəzlə tanış olmaq üçün ayrıca vaxt lazımdır.
Növbəti dayanacağımız Buxara şəhəri oldu. Şəhər əsl Şərq nağıllarını xatırladır. Buxara 2500 ildən artıq yaşı olan Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. Burada tarix ayrı-ayrı turistik məkanlarda cəmlənməyib – o, sanki hər tərəfdən insanı əhatə edir. Buxaranı piyada seyr etmək lazımdır. Orta əsrlərdə bu şəhər İslam elminin ən böyük mərkəzlərindən biri hesab edilirdi: İbn Sina (Avisenna) və İmam əl-Buxari kimi mütəfəkkirlər burada yaşayıblar.
"Ark" qalası
"Ark" qalası Buxaranın ən qədim görməli yerlərindən biridir. Onun əsası hələ eramızdan əvvəl IV əsrdə qoyulub. Qala hazırkı görkəmini XVII–XVIII əsrlərdə alıb, hələ XX əsrin əvvəllərində isə Buxara əmirlərinin qış iqamətgahı olub. Qalanın böyük bir hissəsi 1920-ci ildə dağıdılıb, lakin bu günədək qorunub saxlanılan tikililər vaxtilə nəhəng olan bu kompleksin miqyasını təsəvvür etməyə imkan verir. Hazırda sahəsi təxminən 4 hektar olan "Ark" qalasının ərazisində Buxara Dövlət Muzey-Qoruğu yerləşir.
Qədim qalanın massiv divarlarını uzaqdan da görmək mümkündür - onların hündürlüyü 20 metrə çatır. Əsrlər boyu "Ark" Buxara hökmdarlarının iqamətgahı olub, XX əsrin əvvəllərinə doğru isə burada təxminən üç min insan yaşayıb. Qala divarlarının arxasında saray, məscid, xəzinədarlıq, sənətkarlıq emalatxanaları və saray əhlinin evləri yerləşirdi - əslində bura öz qanunları, iyerarxiyası və həyat tərzi olan, şəhər daxilində ayrı bir şəhər idi.
Lakin daxildə "Ark", kənardan onun əzəmətli divarlarına baxarkən təsəvvür edəcəyinizdən tamamilə fərqli görünür. Darvazanın arxasında dar keçidlər, pilləkənlər və ağardılmış divarları olan kiçik həyətlər açılır. Gah sərin kölgəli dəhlizlə, gah da yenidən qızmar günəşin altında gəzirsən.
Toki-Miyona
Tarixi mərkəzdən Buxaranın yaxınlığında yerləşən Bəhauddin Nəqşbənd memorial kompleksinə gedirik. Burada ab-hava da dəyişir: turist sıxlığı azalır, sakitlik və yaşıllıq isə artır. Məqbərəyə bir vaxtlar zəvvarların keçdiyi bərpa edilmiş Toki-Miyona darvazalarından getmək mümkündür. Onların arxasında məscidlər, bağlar və su hövzəsi olan geniş bir ərazi var. İnsanlar buraya ailəlikcə gəlir, kimisi dua edir, kimisi isə ağacların kölgəsində uzun-uzun oturur.
Qədim ağaclar və ətrafdakı yaşıllıq xüsusi bir atmosfer yaradır. İsti və günəşli Buxaranın fonunda bu həyətlərin sərinliyi dərindən hiss olunur. İş qrafiki vaxtı daim xatırlatsa belə, burada planlaşdırdığından daha uzun müddət qalırsan.
Bəhauddin Nəqşbənd XIV əsrdə yaşayıb və Mərkəzi Asiyanın ən tanınmış sufi mütəfəkkirlərindən biri hesab olunur. Onun adı Mərkəzi Asiyadan kənarda da geniş yayılan Nəqşbəndiyyə sufi təriqətinə verilib. Mütəfəkkirin təliminin əsas prinsiplərindən biri mənəvi həyatla gündəlik əməyin vəhdəti idi. Nəqşbəndə aid edilən məşhur bir kəlam var: "Qəlb Allahla, əllər əməkdə".
İsmayıl Samani türbəsi
Növbəti dayanacağımız Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biri olan İsmayıl Samani türbəsidir. O, IX əsrin sonu - X əsrin əvvəllərində bişmiş kərpicdən inşa edilib. Bununla belə, bu tikilini heç cür sadə adlandırmaq olmaz: tədqiqatçılara görə, burada 18 müxtəlif növ kərpic hörgüsü mövcuddur, bunların sayəsində divarlar işıqlandırmadan asılı olaraq fərqli görünür - səhərin isti qızılı tonlarından gün batımının tünd terrakota çalarlarınadək. Məqbərədə Samanilər sülaləsinin banisi İsmayıl Samani, onun atası və nəvəsinin dəfn olunduğu bildirilir.
"Poyi-Kalon"
Buxara ilə tanışlığımız tarixi mərkəzdə davam edir. Burada da şəhər, Daşkənddə olduğu kimi, tamamilə fərqli təsir bağışlayır – daha canlı, möhtəşəm və fotoşəkillərdə, açıqcalarda tez-tez rast gəlinən mənzərələri görmək olur.
Kalon minarəsi, məscidi və Miri-Ərəb mədrəsəsi Buxaranın ən tanınan memarlıq komplekslərindən birini - adı "böyüyün ətəyində" kimi tərcümə olunan "Poyi-Kalon"u təşkil edir. Qum rəngli divarlar, firuzəyi dekor elementləri və köhnə şəhərdə ucalan minarə - yaddaşlarda qalan məhz o Buxara obrazıdır.
Kompleksin ən qədim abidəsi 1127-ci ildə inşa edilmiş Kalon minarəsidir. Yaxınlıqda XVI əsrdə tikilmiş Kalon məscidi yerləşir - bu, 12 minə qədər insanın ibadət edə biləcəyi Buxaranın ən böyük məscididir. Burada həmçinin XVI əsrdə inşa edilmiş və dini təhsil müəssisəsi kimi fəaliyyət göstərən Miri-Ərəb mədrəsəsi yerləşir.
Bundan sonra köhnə ticarət günbəzləri, keramika, parça, tikmə və bəzək əşyaları satılan kiçik dükanlar, dar küçələrlə yavaş-yavaş şəhərin mərkəzi meydanlarından biri olan Ləbi-Hovuza gəlirik. Məkanın fotosunu çəkməkdənsə, sadəcə gəzmək, ətrafa baxmaq və uşaqlığımızın məşhur "Əli Baba və qırx quldur" filminin bəzi səhnələrinin çəkildiyi qədim şəhərin ab-havasını duymaq ürəyimizdən keçir.
Və bəlkə də, qısa bir səfər üçün Buxaranın əsas üstünlüyü məhz bundan ibarətdir. İnanmaq çətindir, lakin boş vaxt çox az olduqda belə, köhnə şəhərin bir hissəsini piyada gəzmək və bol təəssürat əldə etmək mümkündür.
Buxaranın daha bir heyranedici cəhəti isə yeni tikililərin şəhərin tarixi simasına orqanik şəkildə uyğunlaşmasıdır. Burada ümumi memarlıq üslubunu qorumağa çalışırlar: yeni binalar ətrafdakı tikililərdən fərqlənmir, əksinə, rənginə, formasına və fasadlarının tərtibatına görə onlarla harmoniya təşkil edir.
Özbəkistanla tanışlığın digər bir hissəsi isə yerli mətbəxdir. Sıx iş qrafiki buna biganə qalmaq üçün səbəb deyil. Plov burada sadəcə ən məşhur yemək deyil, faktiki olaraq ayrı bir qastronomik ənənədir: müxtəlif bölgələrdə onu fərqli üsullarla hazırlayırlar. Onun yanında təzə tərəvəzlər, təndir çörəyi və hər bir süfrənin əvəzolunmazı olan çay verilir.
Turistlər ənənəvi olaraq təndirdə bişirilən ət, soğan və ədviyyatlı samsanı, həmçinin mantı və şurpanı da mütləq dadmalıdırlar. Porsiyalar adətən böyük, yeməklər isə doyumlu olur, ona görə də iki gün ərzində hər şeyi dadmaq istəyinə tab gətirmək olmur.
Lakin yadda ən çox qalan hər hansı bir yemək deyil, yeməyə olan münasibətin özüdür. Burada tələsmək olmaz: masada daim çörək, çay, meyvə, şirniyyatlar olur və adi bir nahar asanlıqla ölkə ilə tanışlığa çevrilir.
Özbəkistan kimi böyük və qədim bir ölkəni iki günə görmək, əlbəttə ki, qeyri-mümkündür, lakin ilk tanışlıq üçün bu, kifayət etdi. Özbəkistanı yenidən qayıtmaq istəyi ilə tərk edirsən. Və buna səbəblər də az deyil: bizi Səmərqənd, Xivə və tarixlə zəngin digər qədim şəhərlər gözləyir.
Lakin məsələ yalnız görmək istədiyim yerlərdə deyil. Bu iki gündə xüsusilə insanlar yadda qaldı – səmimi, mehriban və asanlıqla ünsiyyət qura biləcəyiniz insanlar. Xüsusilə, Azərbaycana olan isti münasibət hər yerdə hiss olunur.
Buxarada biz bir neçə dəfə belə bir şey müşahidə etdik: kimsə Azərbaycan dilini eşidən kimi dərhal sual verirdi: "Siz haralısınız?". Beləcə, yerli sakinlərlə, eləcə də Tacikistan və Türkiyədən olan turistlərlə söhbətlər yaranırdı. Türk dilləri və mədəniyyətlərinin qohumluğu burada hər yerdə hiss olunur və ünsiyyət üçün təbii bir körpü idi.
Xüsusilə belə bir dialoqu unutmarıq. Belə ki, türkiyəli bir turist danışığımızı eşidib bizə yaxınlaşdı və haradan olduğumuzu soruşdu. Azərbaycandan olduğumuzu öyrəndikdə dərhal həmin an prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin harada görüşdükləri ilə maraqlandı. Cavabı eşitdikdən sonra gülümsəyərək oraya getmək və onlara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istədiyini dedi.
Özbəkistanı, onun keçmişini, bu gününü və gələcəyini tanımaq çox maraqlı idi. Ona görə də Azərbaycanla artıq əbədi dostluq bağları olan bu ölkəni, tezliklə yenidən səfər edəcəyimə əmin olaraq tərk etdim. Əbədi dostluq haqqında müqavilə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan əsas sənəd oldu. O, iki ölkə arasındakı münasibətləri yeni səviyyəyə çıxarır. Bundan əlavə, sənəd xalqlarımızın yaxınlaşması üçün yeni imkanlar açır.