"Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunan mediaturda deyib.
O bildirib ki, həmçinin, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruq ilə bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb: “Xınalıq kəndində təmir-bərpa üzrə genişmiqyaslı işlərin aparılması, Agentlik tərəfindən həyata keçirilən digər layihələr əhalinin rifah halına və məşğulluğunun artmasına səbəb olub. Belə ki, bir neçə il ərzində kənd əhalisinin demək olar 90 %-i müəyyən fasilələrlə işə cəlb olunub".
F. Nağıyev qeyd edib ki, Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub: “DTA tərəfindən "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb".