Bu gün Bakıda işinə başlayan Dövlət Turizm Agentliyinin (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə Ermənistan tərəfi iştirak etmir.
"Report" xəbər verir ki, Ermənistan QDİƏT təşkilatının qurumu olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 11 üzvündən biridir.
İki gün davam edəcək tədbirdə QDTİB-yə üzv dövlətlərin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.
QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Bankda Türkiyə, Rusiya və Yunanıstan hər birisi 16,5 %-lik paya, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %-lik paya malikdirlər. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirməyi hədəfləyir.