Turizm sektorunun inkişafı üçün təhsildə süni intellektdən istifadə haqqında düşünmək lazımdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.
Onun sözlərinə görə, süni intellekt optimallaşdırma və avtomatlaşdırma proseslərində yeni üfüqlər açır: “Əgər dünyada təkrar pandemiya və ya qlobal qapanmaya səbəb başqa bir hadisə baş verərsə turizm sahəsi üzrə təhsil alan gənclərin dərslərini davam etdirməsi üçün imkanlar var".
E.Əlimuradov qeyd edib ki, bununla bağlı əvvəlki pandemiyadan kifayət qədər təcrübə var: “COVID-19 pandemiyası zamanı rəqəmsal məkanın imkanları yenidən kəşf edildi, onlayn resurslardan istifadə əhəmiyyətli dərəcədə artdı, distant təhsillə bağlı təcrübəmiz olub".