Ekspert: "Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir"

Ekspert: "Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir" Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin inşası gələcəkdə həm bu əraziyə xeyli turistin cəlb edilməs, yəni turist axını, həm də burda beynəlxalq tədbirlərin təşkil edilməsi deməkdir.
Turizm
26 Avqust , 2023 12:58
Ekspert: Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir

"Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin inşası gələcəkdə həm bu əraziyə xeyli turistin cəlb edilməsi, yəni turist axını, həm də burda beynəlxalq tədbirlərin təşkil edilməsi deməkdir".

Bunu “Report”a açıqlamasında turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bildirib.

O, gələcəkdə Laçında termal sanatoriyaların da yaradılmasını məqsədəuyğun sayır: “Bu rayonlarının ərazisi dağ massivlərindən ibarət olduğu üçün onların turizm potensialı genişdir. Bu ərazilər həm də mineral bulaqlarla zəngindir. Təkcə Laçın və Kəlbəcər deyil, işğaldan azad edilmiş digər bölgələrdə də termal sanatoriyaların tikilməsi faydalı olar. Mineral bulaqlardan əlavə bu bölgələrin iqlim şəraiti də sağlamlığa faydalıdır. Bu da gələcəkdə daha çox turistin ölkəyə gəlməsinə imkan verəcək”.

R.Quliyev işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması işlərinin yüksək səviyyədə aparıldığını və bunun da turizmin inkişafına müsbət təsir edəcəyini qeyd edib: “Bu işlər artıq tamamlanmaq üzrədir. Laçında beynəlxalq hava limanının tikilməsi bölgəyə turist axınını stimullaşdıracaq. Onun beynəlxalq statusda olması böyük önəm daşıyır. Artıq Füzuli və Zəngilan hava limanları da istifadədədir. Yaxın vaxtlarda bu hava limanlarına beynəlxalq uçuşlar da təmin ediləcək. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat şəraiti ən yüksək səviyyədə qurulur. Aparılan tikinti-quruculuq işləri bu bölgələrdə həm də yeni iş yerlərinin açılmasına imkan verir”.

“Kəlbəcər-Laçın istiqamətində 7 tuneldən ibarət böyük yol qovşağının istismara verilməsi turistlərin bir bölgəmizdən digərinə getməsini daha da asanlaşdıracaq. Bu vaxta qədər Gəncədən Kəlbəcərə 3 saat yarıma getmək olardısa, yaxın gələcəkdə müddət 1 saata endiriləcək. Nəticədə həm turistlərin hərəkəti asanlaşacaq, həm də beynəlxalq tədbirlərin bu bölgələrdə təşkil edilməsinə münbit şərait yaradılacaq. Eyni zamanda regionda böyük inkişafa nail olacağıq ki, bu da orda yaşayan insanların sosial rifahının yüksəlməsi deməkdir”, - deyə müsahibimiz əlavə edib.

Avqustun 25-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Kompleks 100 otaqlı hotel binasından, 10 kottecdən, kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotelin binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək. Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq.

Son xəbərlər

Orphus sistemi