Bakı. 7 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, hazırda ölkədə qış turizminə hazırlıq işləri görülür: "Həmişə olduğu kimi bu il də dekabrın 15-də mövsümün açılışını elan edəcəyik".
Ə.Qarayevin sözlərinə görə, turizm sahəsində görülən işlərin məqsədi Azərbaycana turist axınının mövsümlərdən asılılığını aradan qaldırmaqdır: "Çünki Azərbaycanın payızı da, yazı da, yayı da, qışı da özünə məxsusluğu ilə seçilir. Bu səbəbdən də biz müxtəlif proqramlar və layihələrlə fəsil problemini aradan qaldırıb, turistlərin gəlişinin davamlı olmasına çalışırıq".