Fərhad Hacıyev: Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır

Mədəniyyət siyasəti
  • 28 oktyabr, 2026
  • 10:43
Fərhad Hacıyev: Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır

Azərbaycanda gənc nəslin özünüinkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə müxtəlif imkanlar və şərait formalaşdırılır.

"Report"un məlumatına görə, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan "Gənclərin dialoqu: təsirin ön plana çıxarılması" adlı sessiyada bildirib.

Onun fikrincə, bu cür sessiyalarda aparılan müzakirələr mütləq qaydada yeni təşəbbüslərə çevrilməlidir:

"Birləşmək bir-birini dərhal anlamaq demək deyil, bu, eyni zamanda keyfiyyətli ünsiyyət deməkdir. Bu baxımdan gənclərin qarşısında yeni fürsətlər mövcuddur. Çünki dünya dəyişir və gənclər bu dəyişikliklərə təsir göstərmə qabiliyyətinə sahibdirlər".

Fərhad Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gənclərin hərtərəfli inkişafına, bütün istiqamətlər üzrə fəal iştirakına və potensiallarını həyata keçirmələri üçün imkanların yaradılmasına ciddi önəm verilir:

"Məqsəd ölkənin gələcəyinə töhfə verəcək şəxsiyyətlərin yetişdirilməsidir. Ona görə də gənclərdə, ilk növbədə, özünəinam hissinin formalaşdırılması vacibdir".