Moratinos: Gənclər müharibələri dayandırmağa və sülhün simvoluna çevrilməyə qadirdir
- 28 oktyabr, 2026
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos gəncləri müharibələri dayandıracaq və sülh quracaq nəslə çevrilməyə çağırıb.
"Report" xəbər verir ki, o bu barədə bu gün Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəyanat verib.
"Siz (gənclər - red.) sülh nəslinə çevrilməlisiniz. Müharibəni haqlı çıxarmaq olmaz, onun heç bir əsası yoxdur. Müharibədə heç bir sənət yoxdur - dağıntı, qaranlıq və əzab nihilizmin təzahürləridir. Sülh isə mənəvi rahatlıq, daxili harmoniya, həmrəylik, empatiya və qonşuluq münasibətləri gətirir. Buna görə də sizin nəsliniz müharibə deyil, sülh nəsli olmalıdır", - o deyib.
Moratinos həmçinin gənclərin BMT-nin fəaliyyətində mərkəzi yer tutduğunu vurğulayıb.
"Gənclər sadəcə ehtiyac duyduğumuz sülhün simvolu deyil. Siz bu günün və gələcəyin liderlərisiniz. Üstəlik, mən deyərdim ki, siz gələcək deyil, bu günsiniz. Bu gün, bu son dərəcə qütbləşmiş, parçalanmış və qeyri-müəyyənliklə dolu dünyada gənclərin nə qədər mühüm rol oynadığını görürük. Siz öz gələcəyinizdən və növbəti nəslin bizdən nəyi miras alacağından narahatsınız. Məhz sizə məsuliyyəti öz üzərinizə götürməyə və həqiqətən bəşər tarixində yeni bir səhifə açmağa hazırlaşmaq düşür", - o əlavə edib.