Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycan gənclərini ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük vermələrinə çağırıb.
"Report" xəbər verir ki, F. Nağıyev bunu bu gün Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.
O qeyd edib ki, digər çağırış rəqəmsallaşma və innovasiya dövründə turizm ixtisaslarının kurikulumlarının tələbata uyğunlaşdırılmasıdır: “Turizm sahəsi daim və sürətlə inkişaf edən sahə olduğundan, kurikulum və tədris metodikası mütəmadi olaraq nəzərdən keçirilməli və yenilənməlidir".
F. Nağıyev bildirib ki, QDİƏT-a üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin ilk görüşü turizm təhsili üzrə yerli və xarici ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından çox dəyərlidir: "Bu tədbir təhsil müəssisələri arasında əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək”.