Ötən yay Bakı sakinlərinin yay mövsümündə istədikləri kimi istirahət etmələri çətinləşdi. Bunun əsas səbəbi isə Azərbaycanla digər ölkələr arasında gediş-gəlişin dayandırılması və bölgələrarası hərəkətə tətbiq olunan məhdudiyyətlər idi. Bu yay artıq Azərbaycandan bir sıra ölkələrə uçuşlar və bölgələrimiz arasında gediş-gəliş bərpa edilib.
Görəsən paytaxt sakinləri bu il yay istirahətini harda keçirməyə üstünlük verir?
“Report” bu barədə sakinlər arasında sorğu aparıb, onların bu yay ölkəmizdə, yoxsa xaricdə dincəlməyə üz tutduqlarını öyrənib.
Respondentlərin əksəriyyəti yay mövsümünü ölkədə keçirəcəklərini, Qəbələ, İsmayıllı, Lənkəran kimi bölgələrimizə istirahətə getməyi planladıqlarını bildirib.
Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Rəhman Quliyev də “Report”a açıqlamasında bu il əhalinin əsasən daxili turizmə yönəldiklərini qeyd edib. Turizm mütəxəssisi buna səbəb kimi ölkə xaricinə uçuşların məhdudluğunu və aviabiletlərin baha olmasını göstərib.