Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliklərinin açılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Bundan başqa, o deyib ki, bir sıra ölkələrdə təmsilçilik xidmətləri əldə ediləcək: "Biz tender elan etmişik ki, Çində, Yaxın Şərq və digər ölkələrdə təmsilçilik xidmətləri əldə edək. Koronavirus (COVID-19) pandemiyasından əvvəl bizdə belə bir təcrübə var idi. Hansısa tərəfdaşlar bizim xarici ölkələrdə nümayəndəlik funksiyalarını yerinə yetirirdilər. Amma bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətidir. Agentlik bu il yenidən o təcrübəyə qayıdır. Tenderin nəticəsi məlum olandan sonra biz ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın".