Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Bakıda "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək" adlı tvinninq (Twinning) layihəsi ilə bağlı konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıb.
Tvinninq layihəsi haqqında məlumat verən T.Budaqov deyib ki, statistik məlumatların hazırlanması sahəsində Avropa təcrübəsini öyrənmək üçün Dövlət Statistika Komitəsinin əməkdaşları Avropanın bir çox ölkələrinə səfərlər edəcəklər: "Ölkədə turizm statistikası sahəsində işlərin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edilir. Qarşıdakı iki ildə turizmlə əlaqəli digər sahələrlə bağlı statistik məlumatların hazırlanması üçün işlərimizi davam etdirəcəyik".
Qeyd edək ki, tədbirdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Templ, Almaniya Federal Statistika Xidmətinin prezidenti Diter Sarreyter (Dieter Sarreither), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və başqa qonaqlar iştirak edib.
Xatırladaq ki, Almaniyanın Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu layihənin icrası ilə bağlı əsas tərəfdaşlardır. Əlavə dəstək və töhfə Niderland, Sloveniya, Danimarka, Latviya, Çexiya və Xorvatiyanın milli statistika idarələrinin mütəxəssisləri tərəfindən təmin olunacaq.