Azərbaycanda turizm sektorunda işləyənlər nə qədər qazanır?

Azərbaycanda turizm sektorunda işləyənlər nə qədər qazanır? Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioriotet seçib.
Turizm
4 İyul , 2024 17:55
Azərbaycanda turizm sektorunda işləyənlər nə qədər qazanır?

Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı baxımından turizm sektorunu prioritet seçib.

Hazırda ölkədə minlərlə insan bu sahədə çalışır.

Dövlət Statstika Komitəsinin məlumatına görə, ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə orta aylıq əməkhaqqı 720 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 60 manat və yaxud təxminən 9 % çoxdur. Bəs sektorun müxtəlif seqmentlərində çalışanlar nə qədər qazanır? "Report" bununla bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" İctimai Birliyinin katibi Tural Musayev deyir ki, bələdçilərin qazancı əsasən onların xarici dil bilməsindən asılıdır: "Xarici dil bilənlər xarici turistlərlə işləyir və nisbətən çox qazanır. Məsələn, bələdçi ingilis dilində azı B2 səviyyəsində bilirsə, gündəlik 60-80 manat qazana bilir. Rus dilini bilənlərin gündəlik qazancı isə 80-120 manatdır. Çin, alman, ispan dillərini bilənlər isə gündəlik 120-150 manat qazanc əldə edir. Yalnız Azərbaycan dilində danışan bələdçilər isə yerli turistlərlə işləyə bilir və onların qazancı elə də çox deyil - 40-60 manat civarında dəyişir. Yaxşı qazanmaq üçün bələdçilər həm də məlumatlı olmalıdır. Ümumilikdə bələdçilərin aylıq gəliri 1 200 - 2 500 manat arasındadır".

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, ölkədəki hotellərdə çalışanların qazancı onların təhsilindən, iş təcrübəsindən, eləcə də hotelin səviyyəsindən, yəni ulduzlarının sayının asıdılır: "Məsələn, 5 ulduzlu hotellərdə menecment heyəti ay ərzində 7 000 - 15 000 manat gəlir əldə edirsə, orta səviyyəli hotellərdə bu məbləğ 1 200-2 500 manat, aşağı səviyyəli hotellərdə isə 1 000 - 2 000 manat təşkil edib. Eyni sözü işçi heyəti (personal) haqqında da demək olar. Məsələn, adi hotellərdə işçilərin aylıq qazancı 600 - 800 manatdan çox olmur. Otelin səviyyəsi bir qədər yüksək olduqda işçi ayda 1 000 manat qazana bilir".

Bundan başqa, onun sözlərinə görə, turizm sektoru ilə hansısa formada əlaqəsi olanlar da bu sahədən orta səviyyədə gəlir əldə edə bilirlər: "Turizm digər iqtisadi sektorlara bilavasitə və yaxud dolayısı yolla müsbət təsir edir. Misal üçün, hər hansı bir destinasiyada turizmın inkişafı yerli əhaliyə əl işləri olan suvenirlər, şəxsi təsərrüfatlarda becərilmiş meyvə-tərəvəz, süd və süd məhsulları, ət və əl məhsulları satmağa və gəlir əldə etməyə imkan verir".

Son xəbərlər

Orphus sistemi