Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 536 min 375 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təkcə sentyabrda isə ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 % artaraq 192 min 115 nəfərə çatıb.
Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.
Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.
Regional baxımdan isə ilk 3-lüyə 26,3 %-lə Rusiya, 20,3 %-lə Asiya və 18,8 %-lə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 %-lə Yaxın Şərq, 8,65 %-lə Avropa, 8,1 %-lə İran və 2,7 %-lə digər regionlar qərarlaşıb.