Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 60 % artıb

Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 60 % artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.
Turizm
23 Dekabr , 2022 10:00
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 60 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanla Türkiyə arasında Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında Dövlət Turizm Agentliyinin sədr müavini, Komissiyanın həmsədri Azadə Hüseynova bildirib.

O, növbəti dövr üçün iki ölkənin birgə Fəaliyyət Proqramı hazırlamasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin turizm əlaqələrinə töhfə verəcəyini bildirib.

"Azərbaycan son zamanlar Türkiyədə keçirilən sərgilərdə fəal iştirak edir. İki ölkə arasında turizm məhsullarının inkişaf etdirilməsi, təlim-tədris proqramları, media və marketinqlə bağlı qarşılıqlı əməkdaşlıq qurulub. Ölkələr ortaq mədəni irs baxımından bir-birinə yaxındır. Bu isə turizm üçün geniş imkanlar açır", - deyə o qeyd edib.

Komissiyanın digər həmsədri, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan isə öz növbəsində iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə böyük imkanlar olduğunu vurğulayıb. O, bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin önəminə diqqət çəkib, qeyd edib ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Sakara Universiteti və Eskişehir Osmanqazi Universiteti arasında ikili diplom proqramının, həmçinin ixtisasartırma və turizm peşələri ilə bağlı təlim proqramlarının təşkil edilməsi turizm təhsili istiqamətində əməkdaşlığa müsbət təsirini göstərəcək.

İclasda ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub, keyfiyyətli turizmin təşkil edilməsi ilə əlaqədar standartlaşdırma və sertifikasiya, turizm və istirahət komplekslərinin təşviqi məqsədilə əməkdaşlıq imkanlarının araşdırılması, turizm və rekreasiya zonalarının və infrastruktur layihələrin yaradılması istiqamətində təcrübə mübadiləsinin aparılması, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri kimi mövzulara toxunulub. Çıxışlarda, həmçinin beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və ortaq turizm marşrutlarının yaradılması məsələlərindən bəhs olunub.

Son xəbərlər

Orphus sistemi