"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsini müzakirə edib.
"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, görüş Polşanın Bakıdakı səfirliyində baş tutub. Görüşdə iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafı, turizm şirkətləri üçün infoturların təşkil olunması, qarşılıqlı turist səfərlərinin sayının artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
G.Qəhrəmanov Azərbaycan və Polşa arasında birbaşa uçuşların sayının artırılmasının turizm əlaqələrinə və turist sayına müsbət təsir edəcəyini bildirib. Assosiasiya sədri üzv şirkətlərlə Polşalı şirkətlər arasında əməkdaşlığın artırılmasının, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsinin və təcrübə mübadiləsinin aparılmasını vacib olduğunu da qeyd edib.
Azərbaycan və Polşa arasında xoş və mehriban əlaqələrin mövcud olduğunu vurğulayan səfir isə turizm sahəsində əlaqələrin genişləndirilməsində və inkişafında ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.
Bu ilin may ayından Polşanın LOT aviaşirkəti Varşava-Bakı-Varşava marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirir.