Azərbaycan turizmi 2021-ci ilə necə gedir?

Azərbaycan turizmi 2021-ci ilə necə gedir? "Hökumət il ərzində turizm sənayesinin yanında olub"
Turizm
28 Dekabr , 2020 16:37
Azərbaycan turizmi 2021-ci ilə necə gedir?

Bu il koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektorunda müşahidə olundu. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bəs, Azərbaycan turizmi 2021-ci ilə necə gedir?

"Hökumət il ərzində turizm sənayesinin yanında olub"

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyir ki, hökumət il ərzində turizm sənayesinin yanında olub: "Ölkə iqtisadiyyatının digər subyektlərinə edilmiş yardımlar turizm sahəsində çalışanlara da edilib. İlin əvvəlində Azərbaycana gələn turistlərin sayında artım var idi. Əfsus ki, martdan sonra faktiki olaraq sərhədlər bağlandı və xarici turizm dayandı. Daha sonra isə daxili turizm dayandı. Müəyyən dövrdə daxili turizm bərpa edildi. Amma yenidən karantin qaydaları sərtləşdirildi. Çünki ilk növbədə insanların sağlamlıqlarının qorunması vacib idi".

Onun sözlərinə görə, təmsil etdiyi qurum da turizm sektoru üçün müxtəlif proqramlar həyata keçirib: "Biz həm insanların təhlükəsizliyinin təmin edilməsində, həm kadrların inkişafında, həm yeni məhsulların yaradılmasında, həm də xarici marketinq strategiyamızda dəyişiklik etdik. Satış strategiyasından daha çox tanıtım strategiyasına keçdik. Onlayn platformalar quruldu, təlim mərkəzi yaratdıq. Əlbəttə ki, bu, bizim planlaşdırdığımız ilin yekunları deyil. Çünki ötən ilin yekununda Azərbaycana gələn xarici vətəndaşların sayı artaraq 3,2 milyon nəfərə çatmışdı. Biz düşünürdük ki, bu il bu göstərici 10% çox olacaq. Ancaq gözlənilən artım qlobal böhrana görə alınmadı".

"Daxili turizmin bərpasını gözləyirik"

K.Quluzadə 2021-ci il üçün gözləntilər barədə də danışıb: "Gözləntilərimiz ilk növbədə daxili turizmin bərpasıdır. Düşünürük ki, tək Azərbaycanda deyil, bütün dünyada məhz bu tendensiya olacaq. İnsanlar ölkələrində istirahət edəcəklər və bir müddət sərhədlər açılsa da, xaricə səfərlər etməkdən çəkinəcəklər. Həyata keçirilən səfərlər isə yeni qaydalarla olacaq. İlk növbədə insanların sağlamlığın qorunması və təhlükəsizlik məsələləri dayanır. Biz 2020-ci ildə sahman proqramı hazırlamışıq, beynəlxalq təqdimatını keçirmişik. Sərhədlər açılandan sonra Azərbaycana səyahət edən turistlər özlərini qorunmuş hiss edəcəklər. İlk növbədə daxili turizmin bərpas, növbəti mərhələdə isə sərhədlərin açılması və qlobal turizmin bərpası gözlənilir. Ümidlərimiz var ki, növbəti ildə bu, həyata keçiriləcək. Artıq müxtəlif ölkələrdə vaksinasiya başlayıb. Vaksinasiyanın nəticəsində dünya turizm sənayesi yenidən nəfəs ala biləcək. Əsas gözləntilərimiz və hədəflərimiz budur. Yeni turizm destnasiyalarının təqdimatına başlamışıq. Gələn ildən bu işləri davam etdirəcəyik, daha da gücləndirəcəyik".

"Qarabağ destinasiyası maraqlı olacaq"

"Düşünürük ki, Qarabağ destnasiyası ilk mərhələdə daxili turizm üçün, Azərbaycan diasporunun nümayəndələri üçün maraqlı olacaq. Qarabağ destinasiyası Azərbaycana gələn turistlər üçün də maraqlı olacaq. Həmin istiqamətdə artıq startegiya da hazırlayırıq. Turizm sənayesində işğaldan azad edilmiş ərazilərin turizm strategiyası və Şuşanın turizm konsepsiya üzərində iş gedir. İşğaldan azad edilmiş ərazilərlə bağlı müxtəlif marşrutlar, müxtəlif layihələr, məhsullar hazırlanır.

Bir sözlə, bizi daha gərgin iş gözləyir. Post-pandemiya dövründə turist üzərində rəqabət daha ciddi və daha fərqli olacaq. Turizm sənayemizi buna hazırlayırıq. Biz rəqabət şəraitində fəaliyyət göstərmək üçün müəyyən institusional qərarların verilməsi üzərində işləyirik. Sərnişin daşıma və sərhəd keçmə sistemi ilə bağlı müzakirələr edilir. Məqsəd Azərbaycana səfər edilməsinin daha da asanlaşdırılmasıdır", - deyə Agentlik rəsmisi əlavə edib.

"2021-ci ilin sonuna qədər turizm sektoru qismən reabilitasiya olunacaq"

Turizm eksperti Rəhman Quliyev isə deyir ki, gələn il bütün dünyada kollektiv vaksinasiya nəzərdə tutulub, odur ki, ilin I yarısında qismən turist axını gözləmək olar: "Zəruri hallarda turistlər səfər edəcək, ikinci növbədə isə müalicəvi turlara üstünlük veriləcək. 2021-ci ilin sonuna qədər turizm sektoru qismən reabilitasiya olunacaq. Hesab edirəm ki, bunun üçün tələsməməliyik. Çünki risk qrupunda olan ölkələr var. Azərbaycanın pandemiyadan qabaq işlədiyi bazarlar var idi. Asiya, Avropa bazarlarından turist cəlb etmək üzərində iş gedirdi. Həmin ölkələrdə yoluxma pik həddə gəlib çatıb. Biz həmin riskləri nəzərə almalıyıq və buna uyğun fəaliyyət planı qurmalıyıq. 48 saat ərzində etibarlılığı olan PC testi vermiş və yaxud vaksin vurulmuş şəxslər Azərbaycana gələ bilər. Hesab edirəm ki, bir neçə ildən sonra çətin vəziyyət geridə qalacaq. Lakin biz bu mərhələləri keçməliyik ki, turizm sektorumuzu bərpa edək".

Son xəbərlər

Orphus sistemi