Bu ilin avqust ayında Azərbaycan və Serbiya arasında turizm sektorunun inkişafı üzrə Memorandum imzalanacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
“Təəssüf ki, iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayı dostluq münasibətlərimizə uyğun deyil. Bunun əsas səbəblərindən biri birbaşa hava əlaqələrinin olmamasıdır. Dövlət Turizm Agentliyi sədrinin avqustun ilk həftəsində Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin turizm naziri ilə görüşərək bütün bu məsələləri müzakirə edəcək. Bu səfər çərçivəsində beynəlxalq hüquqi çərçivə də möhkəmləndiriləcək və uzun müddətdir hazır olan, lakin hələ imzalanmamış memorandum da imzalanacaq. Bu səfərin iki ölkə arasında turizm əlaqələri üçün böyük bir dönüş nöqtəsi olacağına əminəm”, - K. Qasımov bildirib.
O əlavə edib ki, hazırda turizm sektoru bərpa prosesindədir və ölkəyə gələn turistlərin sayında müsbət dinamika müşahidə olunmaqdadır. 2024-cü ilin turizm sektorunun bərpa ili olacağı və 2026-cı ilə qədər 4 milyon turist cəlb etməyi hədəflədiklərini vurğulayıb.