Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.
Bunu “Report”a Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalov bildirib.
“Bir çox turizm şirkətlərinin artıq təklif etməyə başladığı bu xətt xüsusilə də may ayının sonunda Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununa görə kolumbiyalıların marağına səbəb olur. Kolumbiyada futbol çox sevilən idman növü olduğundan Bakıya gəlmək istəyənlərin sayı artmağa davam edir. Viza almaq üçün müraciətlərin çoxalması da buna dəlalət edir” - deyən o qeyd edib
Diplomat vurğulayıb ki, hazırda Boqota-İstanbul təyyarə reysləri həftədə üç dəfə yerinə yetirilsə də, bu istiqamətə tələbin yüksək olması ilə bağlı yaxın vaxtlarda reys sayının 4-ə, yayda isə 5-dək artırılması gözlənilir: “Nəticə etibarilə Azərbaycana da turist axınının artacağı ehtimal olunur. Həm də turistləri təkcə Bakıya yox, başqa yerlərə də cəlb etmək nəzərdə tutulur. Məsələn, Şəkiyə gələcək turistlər bu şəhərdən asanlıqla Tbilisiyə də gedə biləcəklər. Kolumbiyadan Azərbaycana turist axını daha çox üç ən iri şəhər olan Medellin, Kartagena, Boqotadan gəlir. Ölkənin hər yerində işləyən ən böyük turizm şirkətləri ilə görüşüb Azərbaycanda həm yay, həm də qış turizmi üçün imkanlar barədə məlumat vermişik”.
H.Zeynalov həmçinin “Turlish Airlines” tərəfindən birbaşa İstanbul-Boqota-İstanbul reysinin açılması sayəsində Kolumbiyadan Azərbaycana turist axınının əvvəlki illərə nisbətən xeyli artdığını da diqqətə çatdırıb.
İlahə Məmmədli