Azərbaycan Milli Komitəsinin həmsədrliyi ilə Tailandın paytaxtı Banqkokda Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Baş Assambleyasının iclası keçirilib.
Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, iclasın gündəliyinə milli komitələrin fəaliyyəti, nizamnamədə bir sıra dəyişikliklərin təsdiqlənməsi daxil olub.
100-ə yaxın ölkədən olan nümayəndələrin iştirak etdiyi Baş Assambleyanın toplantısında, həmçinin ICOMOS-un qarşıdakı dövr üçün fəaliyyət planı və büdcəsi müzakirə olunub.
Toplantıda gələn il Sidneydə keçiriləcək illik yığıncaqla bağlı da bəzi razılaşmalar əldə olunub.
Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudovanın başçılıq etdiyi ICOMOS Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti ilə digər ölkələrin təmsilçiləri arasında görüşlər keçirilib. Görüşlərdə ICOMOS Azərbaycan Milli Komitəsinin digər milli komitələrlə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrlə bağlı ilkin fikir mübadiləsi aparılıb.
Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə 2021-ci ildə yaradılan ICOMOS Azərbaycan Milli Komitəsi qurumun illik toplantısında ilk dəfə iştirak edir.
Maddi-mədəni irsin qorunması üzrə dünyada nüfuzlu beynəlxalq təşkilat olan ICOMOS 1965-ci ildə təsis edilib. Baş qərargahı Fransanın Paris şəhərində yerləşən təşkilat UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olmaqla, maddi-mədəni irsin qorunması, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatıdır və ətrafında 10 mindən çox mütəxəssisi birləşdirir.