Avstriyada hava limanında turistlərə koronavirus testindən keçmək təklif olunur, Andorrada isə quru sərhədlərində antikorla bağlı araşdırmalar aparmağı planlaşdırırlar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası məlumat yayıb.
Məlumata görə, Vyana aeroportu COVID-19 üzrə ödənişli test xidmətinə start verib. Mayın 31-dək xaricdən Avstriyaya gələn bütün sərnişinlərin ən uzağı dörd gün əvvəl koronavirus testindən keçməsinə dair tibbi arayışı olmalıdır və ya onlar 14 günlük məcburi təcridə razılaşmalıdırlar. Arayışı olmayan və karantinə getmək istəməyənlər üçün hava limanında ekspress-testdən keçməli olacaq. Testdən keçmək üçün əvvəlcədən qeydiyyatdan keçmək (reysin tarixini və nömrəsini göstərərək elektron poçt və ya telefonla) lazımdır. Xidmətin dəyəri 190 avrodur. Cavab iki-üç saat ərzində çıxır.
Vyana hava limanının rəhbərliyinin fikrincə, yeni xidmət Vyanadan beynəlxalq istiqamətlərə uçanlar üçün də tələb olacaq. Hazırda aeroportdan Doha, Dortmund, Düsseldorf, Frankfurt, Hamburq, Lissabon, Minsk və Sofiyaya müntəzəm reyslər həyata keçirilir.
Andorrada isə gələn bütün turistlərin testdən keçirilməsi planlaşdırılır. Knyazlıq rəhbərliyi İspaniya və ya Fransa ilə sərhəddən ölkəyə gələn səyahətçiləri keçid nöqtəsində koronavirusa qarşı antikorların olub-olmamasına dair könüllü və pulsuz testdən keçməyə dəvət etmək istəyir. Səfər edən şəxs sağlamdırsa və ya qanında COVID-19-a qarşı G antikoru varsa, ona sərhədi keçmək icazəsi veriləcək. Turistdə koronavirus (yəni M antikorları) aşkar edilərsə, o, karantinə salınmaq və lazımi müalicə almaq üçün yaşayış yerinə qayıtmalı olacaq. Şəxsin koronavirusa yoluxmadan ölkəyə daxil olduğu və müəyyən müddətdən sonra xəstələndiyi halda isə müalicəni knyazlıqda edəcəklər.