Avropada turizm sektorunun bərpası planı hazırlanacaq

Avropada turizm sektorunun bərpası planı hazırlanacaq Avropa İttifaqı ölkələrində turizm sektorunun bərpasına dair plan hazırlamaq gündəmə gətirilib.
Turizm
28 Aprel , 2020 13:18
Avropada turizm sektorunun bərpası planı hazırlanacaq

Avropa İttifaqı ölkələrində turizm sektorunun bərpasına dair plan hazırlamaq gündəmə gətirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən Portuqaliya, İspaniya, Fransa, İtaliya, Malta, Yunanıstan, Bolqarıstan, Rumıniya, Kipr turizm nazirləri arasında keçirilən videokonfrans zamanı qəbul edilən bəyannamədə turizmi dirçəltmək məqsədilə üç başlıca müddəa ortaya qoyulur. Bunlar təhlükəsiz gediş-gəliş üçün vahid protokolların tətbiqi, daha çox zərər çəkmiş ölkə və bölgələrin problemlərinə öncül diqqət yetirmək, habelə turizm sektorunda şirkətlərə və fiziki şəxslərə yardım üçün vəsait cəlb etməkdən ibarətdir.

“Aİ bu strategiyanı Avropa Komisiyasının SURE proqramı (SURE – Temporary Support to mitigate Unemployment Risks in an Emergency – fövqəladə hallarda işsizlik təhlükəsi azaltmaq üçün müvəqqəti dəstək) və Avropa Sərmayə Bankının fondu vasitəsilə dəstəkləməlidir. Həmçinin yeni şəraitdə turizm sektorunda çalışan şirkətlərin rəqabətcilliyini qorumaq üçün Aİ müvafiq vəsaitlər cəlb etməlidir”, – bəyannamənin təşəbbüskarı olan İspaniyanın turizm naziri Maria Reyes Maroto bildirib.

Nazir həmçinin hava yolu şirkətlərinə də dəstək verməyin vacibliyini qeyd edib: “Gediş-gəlişin təhlükəsizliyi zəmanət altında olmalı, səyahətçilərin etimadı təmin olunnmalıdır. Təhlükəsiz səyahətləri təmin etmək üçün Avropa səviyyəsində vahid və ümumi tədbirlər görülməlidir. Turizmi bərpa etmək üçün bütün üzv ölkələr arasında əməkdaşlıq və əlaqələndirmə zəruridir”, – ispaniyalı nazir vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının məcmu ÜDM-nin 10 faizini təmin edən turizmin payına iş yerlərinin 12 faizi düşür.

Son xəbərlər

Orphus sistemi