Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) istisna olmaqla ölkədə heç bir ali məktəbdə mehmanxana və restoran biznesi ilə bağlı dərslər tədris edilmir.
"Report" xəbər verir ki, bunu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş elmi-praktiki konfransda Universitetin kafedra müdiri Novruz Quliyev bildirib.
"Hazırda Azərbaycanda 10 ali təhsil müəssisəsində turizm ixtisası var. Təəssüf ki, məzunlarımız işə qəbul olunduqda yenidən onlara hotel və restoran biznesi ilə bağlı məsələlər öyrədilir. Biz düşündük ki, turizm ixtisasının tərkibində bir neçə əlavə fənn keçirilməlidir. Müasir dövrün tələblərinə uyğun fənlərin tədrisinə üstünlük vermək daha doğru olar. Bunun üçün müzakirələr aparılmalıdır. Gənclər 4 il təhsil alır, amma iş tapa bilmir. Biz Türkiyə və digər ölkələrin təcrübəsini araşdırdıq. Məsələn, Antalyada hotelçilik və restoran biznesi ilə bağlı akademiya fəaliyyət göstərir. Hesab edirəm ki, biz təcili şəkildə bu sahədə fəaliyyətə başlamalıyıq. Bu gün hotellərdə əsas problemlərdən biri ixtisasını anlamamaq və xidmət sektorunun tələblərini bilməməkdir”, - deyə o qeyd edib.
Universitet rəsmisi əlavə edib ki, hazırda ali təhsil müəssisələrində turizmlə bağlı təxminən 25-30 ixtisas olsa da, onların bəziləri bu gün aktuallığını itirib.
"Biz turizm ixtisası üzrə bir sıra yeni fənlərin tədrisini təklif edirik. Bu fənlər araşdırmalar nəticəsində müəyyən edilib. Qeyd etdiyim kimi bir sıra ölkələrin turizm sahəsində təhsil və biznes sektorunu müzakirə etdikdən sonra qərar verdik ki, bizdə bir sıra yeni modullar tədris edilsin. Onlar əsasən “qonaqpərvərlik sənayesi”, “qida və içki”, “qida təhlükəsizliyi, HACCP sistemi” və “ön büronun fəaliyyəti” ilə bağlı modullardır. Məsəkən, qonaqpərvərıik sənayesi modulu bu sahə ilə bağlı əsas məlumatları təqdim edir və qonaqpərvərlik sənayesində geniş iş təcrübəsi olmayan şəxslər üçün xüsusi hazırlanıb. Qida ve içki modulu öyrənilərkən tələbələr qida və içki şöbəsinin fəaliyyətini təşkil etmək, planlaşdırmaq və idarə etmek, qida istehsalı və qonaqlara xidmət prosesini idarə etmeyi öyrənir. Qida təhlükəsizliyi, HACCP sistemi modulunda təhsil alanlar isə risk və kritik nəzarət nöqtələrinin analizi (HACCP) əsasında qida təhlükəsizliyi metoduna baxılır. Ön büronun fəaliyyəti modulu vasitəsilə tələbələr ön büronun məqsədini, digər şöbələrlə əlaqəsini və bütün otelin fəaliyyətindəki əhəmiyyətini başa düşə biləcəklər. Bu təkliflərimizin müzakirəsinə açığıq, əlavə və dəyişikliklərin edilməsi mümkündür”.
Tədbirdə çıxış edən “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov isə bildirib ki, postpandemiya dövründə inkişaf edən turizm sektoru yeni çağırışlarla üz-üzədir: “Qonaqpərvərlik sənayesinin genişlənməsinə ehtiyac var. Bunun üçün isə yerli ixtisaslı kadrlar lazımdır”.