Bakı. 15 fevral. REPORT.AZ/ Hollivud ulduzu və həvəskar aviator Harrison Ford idarə etdiyi təyyarəni yerə endirərkən ona ayrılmış uçuş-enmə zolağından çıxıb. "Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, nəticədə onun idarə etdiyi təyyarə "American Airlines" şirkətinin sərnişinlə dolu avialaynerinin xəttinə çıxıb.
Xoşbəxtlikdən layner hələ hərəkətə başlamadığından 74 yaşlı H.Ford vaxtında idarə etdiyi təyyarənin istiqamətini dəyişə bilib və toqquşmadan son anda qaçmaq olub. Hadisə Kaliforniyada Con Ueyn adına aeroportda baş verib.
Bundan bir neçə dəqiqə sonra göyərtəsində 110 sərnişin olan "American Airlines" şirkətinə məxsus təyyarə uğurlu uçuş həyata keçirib.
Qeyd edək ki, H.Ford 20 ildən artıqdır həvəskar pilot kimi məşğul olur. Onun öz kolleksiyasında bir neçə kiçik təyyarə də var.