“Jara-2018”in ikinci gününün konserti də tamaşaçılar üçün musiqi bayramına çevrildi

“Jara-2018”in ikinci gününün konserti də tamaşaçılar üçün musiqi bayramına çevrildi Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.
Şou-biznes
28 İyul , 2018 02:10
“Jara-2018”in ikinci gününün konserti də  tamaşaçılar üçün musiqi bayramına çevrildi

Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.

“Report” xəbər verir ki, “Jara”nın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirildi.

“Jara”nın ikinci günündə də bir çox tanınmış müğənnilər tamaşaçıların qarşısına çıxdılar. Festivalın iştirakçılarının sayı ildən-ilə artmaqdadır. Həmçinin festivalı dörd gün ərzində “Sea Breeze Resort”da canlı izləyənlərin sayı isə minlərlədir. “Jara-2018”in davam edəcəyi növbəti günlərdə də tamaşaçıları maraqlı konsert proqramı gözləyir.

Bu il festivalda iştirak edən azərbaycanlı ifaçıların da sayı artıb. Belə ki, Sevda Ələkbərzadənin, Samir Bağırovun çıxışları tamaşaçılara xoş anlar yaşatdı.

Səhnəyə çıxan Filip Kirkorov həmişəki kimi, tamaşaçı auditoriyası ilə sıx ünsiyyətdə olması ilə fərqləndi. O, qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etdi, gələn il bir daha bu festivala həvəslə gələcəyini söylədi. Ənənəvi olaraq bu dəfə də yeni mahnı təqdim etdi. İfaçının “Ne veryu ya” mahnısı alqışlarla qarşılandı.

Festivalın ikinci günü həm ayrı-ayrı ifalar, həm də duetlərlə yadda qaldı. Dünya şöhrətli estrada ulduzları yubilyarların repertuarlarından mahnılar səsləndirdilər.

Guzel Xasanova, Anjelika Varum, Nikolay Baskov, Jasmin, Leonid Aqutin və Lyubov Uspenskayanın, Valeriya və Kristina Orbakaytenin duetləri, Ani Lorakın, Qlükozanın çıxışları, Valeriya və Nikolay Baskovun, Valeriya və Sofiyanın, Aleksey Çumakov və Yuliya Kovalçukun, Stas Pyexa və İrina Dubtsovanın, EMIN və Keti Topuriyanın duetləri, The Jigits və A`Studio qruplarının eyni səhnəni bölüşməsi, Yuliana Karaulovanın, Natalinin, Slavanın, Vladimir Presnyakovun ifaları və digər çıxışlar alqışlarla qarşılandı.

Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən müğənniləri alqışlayan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: “Xahiş edirəm, indi Aya baxın. Bu gün ən uzun Ay tutulması günüdür. İndi Mars Ayın üzünü örtür. Belə hadisə 25 milyon ildə bir dəfə baş verir. Əlbəttə, bu, təsadüfi deyil. Bakıya xoş gəlmisiniz. Sağ olun”.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü Emin Hacıyev deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin üzvləri də “Jara-2018” festivalının ikinci günündə konsert proqramını izləyənlər arasında olublar. Konsert proqramı rusiyalı qonaqlarda xoş təəssürat oyadıb. Onlar fasilə zamanı Leyla Əliyeva ilə görüşərək ona xatirə hədiyyəsi təqdim ediblər.

Qeyd edək ki, bu maraqlı musiqi bayramı üçün Xəzərin sahilində məxsusi olaraq möhtəşəmliyi ilə diqqəti çəkən və müxtəlif videoinstalyasiyaları nümayiş etdirməyə imkan verən səhnə qurulub.

Konsert proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousunun təqdimatı tamaşaçıların zövqünü oxşadı. Bir sözlə, təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.

Aparıcıları Yana Çurikova və Nikolay Baskov olan festivalın ikinci günü də atəşfəşanlıqla başa çatdı.

Son xəbərlər

Orphus sistemi