Bakı. 12 yanvar. REPORT.AZ/ Los-Anceles şəhərində məşhur “Qızıl qlobus” kino mükafatının 72-ci təqdimat mərasimi keçirilib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, mükafat bir neçə nominasiya üzrə təqdim edilib.
"Ən yaxşı ssenari" nominasiyasında "Berdmen" filmi qalib gəlib.
“Ən yaxşı rejissor işi” kateqoriyasında qalib "Boyhood" kinolentinə görə Riçard Linkleyter elan edilib.
Komediya janrı üzrə "Ən yaxşı aktrisa" nominasiyasında “İri gözlər” filmində oynayan Emi Adams birinci olub.
Koen qardaşlarının "Fargo" serialı "Ən yaxşı teleserial" kateqoriyasında qalib seçilib.
Qeyd edək ki, "Ən yaxşı aktyor" nominasiyası üzrə “Qızıl qlobus” da elə "Fargo" serialında rol alan Martin Frimana təqdim olunub.
Rusyali rejissor Andrey Zvyaqintsevin “Leviafan” adlı əsəri "Ən yaxşı xarici film" kimi “Qızıl qlobus” alıb.
Ues Andersonun "Otel Grand Budapeşt" filmi isə "Ən yaxşı komediya və müzikl” kateqoriyasında rəqiblərini geridə qoyub.
“Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi ənənəvi olaraq hər il Hollivudda Xarici Mətbuat Assosasiyası tərəfindən təşkil olunur.