Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşlarına üç aylıq təlim keçib.
Bu barədə "Report"a Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən məlumat verilib.
Mərkəzin direktoru, professor Sevinc Əliyeva təlimlərin açıq məkanlardakı reklamlarda Azərbaycan dilinin saflığının qorunması və dövlət dili normalarının düzgün tətbiqinin təmin edilməsi məqsədilə təşkil olunduğunu, təlim zamanı bilik və bacarıqların praktik əhəmiyyəti nəzərə alınmaqla reklam mətnlərindən seçilmiş nümunələrin təhlilinə üstünlük verildiyini bildirib.
Reklam daşıyıcılarında ədəbi dil normalarının bir çox hallarda kobud şəkildə pozulduğunu təəssüf hissi ilə qeyd edən natiq Monitorinq Mərkəzinin açıq məkanlardakı reklamlarda apardığı monitorinqin nəticələrinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırıb, sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasında ADRA ilə davamlı əməkdaşlığın töhfə verəcəyini bildirib.